Ermənistan ordusu bir gündə Tərtərə 2 mindən çox mərmi atıb - REPORTAJ
Ermənistan silahlı qüvvələrinin Tərtər rayonuna atdığı 2 mindən çox ağır artilleriya mərmisi dağıntılara səbəb olub.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, mərmilər Tərtər rayon Prokurorluğunun binasına, Peşə məktəb Liseyinə, 1 saylı körpələr evinə, 2 saylı körpələr evinə, 4 saylı körpələr evinə, 5 saylı körpələr evinə, Əskipara kənd tam orta məktəbinə, 5 çoxmərtəbəli yaşayış binasına, 40-a qədər fərdi yaşayış evinə, şəhid ailələri və Qarabağ müharibəsi veteranları ailələrinin yaşadığı binaya düşüb.
Buna baxmayaraq, evi dağılan sakinlər bütün dağıntılardan narahat olmadıqlarını, hətta bütün mal-mülk və canlarını da torpaqlarımızın azad olunması uğrunda qurban verməyə hazır olduqlarını deyirlər.
Tərtər sakini Mehman Orucov Vətənə, torpağımıza, ordumuza olan sevgisi səbəbindən evini tərk etmədiyini deyir: “Düzdür, hər dəfə mərmi düşəndə həyəcan olur, amma heç kim heç yerə getmir. Burada hətta qocalar, yaşlı insanlar da var. 90 yaşında nənəm də evdədir. Bacım, bacımın oğlu - hamısı evdədir. Heç yerə getməmişik. Evimizin qarşısında bir çuxur var, orda gizlənirik, top gəlir başımızın üstündən keçir, biz də sayırıq bir-bir. Heç bir qorxu yoxdur. Allah Ordumuzu, Prezidentimizi sağ eləsin!”
Elşən Aslanov da onunla həmfikirdir: “Mərmi düşüb dağıdıb. Olan olub, təki əsgərlərimiz sağ olsun. Mal-mülk əsgərlərimizin telinə qurban”.
Qeyd edək ki, gördüyünüz bu kadrlar dünən gecə boyunca Ermənistan silahlı qüvvələrinin atdığı top mərmilərinin yaratdığı dağıntılardır. Cəbhə xəttində uduzduğunu açıq-aydın görən işğalçı ordunun hərbçiləri bütün qəzəbini, nifrətini dinc sakinlərdən çıxır, xüsusilə əhalinin sıx yaşadığı yerləri hədəfə alırlar.
Tərtər rayonunda yaradılmış qərargahın apardığı araşdırmalar davam edir. Gün boyu erməni silahlıları tərəfindən şəhər atəşə tutulduğundan, qeyd etdiyimiz dağıntıların sayının artacağı istisna edilmir.
Hazırda döyüşlər davam edir. Ermənistan silahlı qüvvələri Tərtər şəhərini ağır artilleriyadan atəş altında saxlayır.
Habil Aslanoğlu
Arzu Quliyev