Ermənistan Parlamenti qərblilərin fəaliyyətini ratifikasiya etdi – “Türkiyə və Azərbaycana qarşı…”

Ermənistan parlamenti Azərbaycanla sərhəddə yerləşdirilmiş Aİ missiyasının statusuna dair razılaşmanı ratifikasiya edib. İrəvan hökuməti 2023-cü ilin yanvarında yaradılmış missiyanın təyinatının mülki və qısamüddətli olduğunu desə də, təsdiqlənən status uzunmüddətlidir. Müşahidəçi missiyanın hətta hərbiləşdirildiyini də iddia etmək olar, çünki buna əsaslı səbəblər var. Maraqlıdır ki, Vaşinqton da prosesə qoşulmaqdadır. Amerikanın Ermənistana hərbçi göndərməsi Rusiyadan sonra Qərb birləşmiş güclərinin də bu ölkədə hərbi bazasını yaratması deməkdir. Siyasilərin fikrincə, təhlükəsizlik qarantiyası adı altında Ermənistanın silahlandırılması, Cənubi Qafqazda sülhü, sabitliyi və təhlükəsizliyi mümkünsüz edir. Azərbaycan XİN atılmış addımların regionda sülh quruculuğu səylərinə xələl gətirdiyi bildirib. Avropa İttifaqı ilə ABŞ-nin bu kimi fəaliyyətləri açıq şəkildə birtərəfli, qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Nazirliyin sözçüsü bildirib ki, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur. Avropa İttifaqı mülki missiya adı altında Türkiyə, Azərbaycan, Rusiya və İran əleyhinə kəşfiyyat fəaliyyəti həyata keçirir. Bunu APA TV-yə açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib. O əlavə edib ki, Dünyanın imperialist şəbəkələri Bakı və İrəvan arasında formalaşan sülh mühitindən narahatdır. Onu da qeyd edək ki, Avropa İttifaqının fəaliyəti ilə bağlı bir çox ölkə liderləri və siyasilər tərəfindən də narazı fikirlər artmaqdadır. Bu günlərdə “Kossuth” radiosunda müsahibəsi zamanı Macarıstanın Baş naziri Viktor Orban təşkilatın Corc Sorosun əsirliyində olduğunu və buna görə, sülhsevər siyasət apara bilmədiyini deyib. O bildirib ki, Rusiya-Ukrayna müharibəsində də ictimaiyyət sülhü dəstəkləsə də, biznesmenin nümayəndələri buna mane olur. Fuad Sadıqov APA TV

Müəllif | Apa.Tv
Apa.tv