Ermənistan Qafan aeroportundan hərbi məqsədlər üçün istifadə edəcək – APA TV

 Avqustun 17-də Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvandan Qafana təyyarə ilə səfər edib. Aeroportda açıqlama verən Paşinyan bildirib ki, gələn həftədən İrəvan-Qafan və Qafan-İrəvan istiqamətində avia səfərlər təşkil ediləcək. Maraqlıdır ki, Ermənistan liderinin səyahət etdiyi "EK4117" reysi beynəlxalq uçuş xəritələrində Azərbaycanın Zəngilan aeroportuna edilmiş səfər kimi qeydə alınıb. Ekspertlər bildirirlər ki, buna səbəb isə həmin aeroportun beynəlxalq uçuşlar üçün qeydə alınmamağıdır. Bəzi siyasilər isə deyir ki, Paşinyanın bu addımı BMT-nin Təhlükəsizlik Şurasındakı acı məğlubiyyəti ört-basdır etməyə hesablanıb. Bəs görəsən ard-arda və eləcə də sərhəddə törədilən təxribatların fonunda, Azərbaycan postunun bir neçə on metrliyində olan Qafan aeroportunun həftəlik reyslər üçün açılmasının arxasında hansı planlar durur? Bu aeroport mülki səfərlər üçün nəzərdə tutulsa da, hərbi məqsədlər üçün istifadə edilə bilərmi? Deputat Tural Gəncəliyev hesab edir ki, Ermənistan bu uçuşlara görə Azərbaycandan icazə almalıydı və ona görə də bu növbəti təxribat kimi qiymətləndirmək lazımdır. Çünki təyyarələrin enişi və qalması zamanı Azərbaycanın dövlət sərhədləri pozula bilər. Deputat onu da əlavə edib ki, Ermənistan aeroport ətrafında yarana biləcək təxribatlarda maraqlıdır, çünki diplomatik və hərbi sahələrdə Ermənistanın ağır məğlubiyyətlərdən sonra İrəvan beynəlxalq aləmdə özünü qurban kimi təqdim etməyə çalışır. “Ermənistan Qafan hava limanından hərbi məqsədlər üçün istifadə edə bilər”. Bunu isə kanalımıza açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O əlavə edib ki, Ermənistanın bu hərəkəti Azərbaycana qarşı atılmış növbəti addım kimi dəyərləndirilməlidir. Hərbi ekspert onu da əlavə edib ki, Ermənistan bu aeroportu istifadə etmək üçün sülh müqaviləsi bağlamalıdır, əks halda obyektin istismarı təxirə salınmalıdır. Fuad Sadıqov APA TV

Müəllif | Apa.Tv
Apa.tv