Ermənistanda mədən sənayesinin ekologiyaya təsirlərinə dair hesabat hazırlanıb
Avqustun 25-də Bakıda "Ermənistan Respublikası ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqinə dair hesabat" adlı tədbir keçirilib. Tədbirdə bildirilib ki, Ermənistanda bu gün heç bir ekoloji norma və standartlar gözlənilmədən aparılan dağ-mədən sənayesi işlərində ətraf mühitə ciddi zərər vurulur, ekoloji fəsadlar yaranır. Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, "Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin nümayəndəsi Amin Məmmədov vurğulayıb ki, Ermənistan ərazisində aparılan istənilən fəaliyyət qonşu ölkələrin ərazisinə və təbii mühitinə, əhalinin sağlamlığına təsir edir. O əlavə edib ki, Ermənistan ərazilərimizdə yataqları qanunsuz formada istismar edərək ekologiyamıza çox ciddi zərər vurub. Amin Məmmədov onu da vurğulayıb ki, Ermənistan qoşulduğu konvensiyalar çərçivəsində üzərinə götürdükləri öhdəliklərə uyğun olaraq yataqların istismarına dair müvafiq ekoloji hesabatları təqdim etməlidir. Tədbirdə o da bildirilib ki, Ermənistanda mədən sənayesinə yatırılan investisiyanın həcmi artsa da, bu proses ekoloji vəziyyətin sürətli şəkildə məhvi ilə müşayiət olunur. Hesabatda Ermənistan ərazisində yerləşən Qafan dağ-mədən sənayesi, Voskedzor qızıl-polimetal mədəni, Arcut qızıl mədəni, Yuxarı Vardanidzor qızıl və polimetal mədəni, Meqhasar qızıl mədəni, Azatek qızıl mədəni, Armanis qızıl-polimetal mədəni olmaqla 26 ədəd filiz hasilat yataqlarının kosmik monitorinqinin nəticələri yer alıb. Kosmik monitorinq işləri SPOT 6 və Azersky (SPOT 7) peyklərinin 2017 və 2023-cü il tarixlərində çəkilmiş peyk təsvirləri əsasında icra olunub. Fuad Sadıqov Həzrət bayramlı APA TV