Ermənistanda seçkiqabağı xaos və ya hakimiyyət uğrunda mübarizə - DEPUTATLAR DANIŞIR
“Ermənistan hazırda seçki qabağı xaos içərisindədir. Çünki Ermənistan cəmiyyəti bu gün parlament seçkilərinə yox Azərbaycanla revanş münasibətlərini araşdırmağa hazırlaşır. Amma unudurlar ki, “dəmir yumuruq” hər zaman başlarına enə bilər”.
APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin deputatı Ziyafət Əsgərov son günlər Ermənistanın 10 noyabr kapitulyasiya aktına əməl etməməsinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, Azərbaycan tərəfi hər zaman sülhün yanındadır və Ermənistanın nə iqtisadi, nə də siyasi gücü ölkəmizə qarşı müharibə aparmağa qətiyyən imkan vermir: “Ermənistan hər vəchlə çalışır ki, Təhlükəsizlik Şurası bu məsələyə müdaxilə etsin. Biz bunu 44 günlük Vətən Müharibəsi zamanı da gördük. Onların istəyi alınmadı. Rusiya o zaman neytrallığını saxladı. Putin dəfələrlə bildirdi ki, müharibə Azərbaycanın ərazisində gedir və Azərbaycan da öz torpaqlarını işğaldan azad edir. Son vaxtlar Ermənistanın rəsmilərinin bir ayağı Moskvada, bir ayaqları İrəvandadır. İstədikləri cavabı ala bilmirlər, çünki beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”.
Deputat Qüdrət Həsənquliyev isə hesab edir ki, hazırda Ermənistanda elə bir vəziyyət yaranıb ki, Paşinyan dövlətə nəzarəti tam həyata keçirə bilmir. Buna səbəb isə ölkə daxili bir sıra “klan”ların hakimiyyət uğrunda mübarizə aparmasıdır. Bütün bunları arxa fona keçirmək üçün Ermənistan hakimiyyəti sərhəddə iğtişaş yaratmağa çalışır: “Azərbaycan və Rusiya Ermənistanın son zamanlardakı davranışlarını 10 noyabr sazişinin tələblərini yerinə yetirməmək kimi qiymətləndirə bilər. Azərbaycanın imkanları yaranacaq ki, ərazilərimizdə silahlarını təhvil verməyən, hələ də özlərini respublika elan edən, ölkəmizin qanunvericiliyinə tabe olmayan şəxsləri məsuliyyətə cəlb etsin və onlar layiqli cəzalandırılsınlar. Əgər sərhəddə qanun pozuntuları olacaqsa o zaman cavablarını alacaqlar. Ermənistanda hazırkı vəziyyət vətəndaş müharibəsinin olacağına doğru gedir. Heç kim Ermənistan xalqı və onun gələcəyi haqqında düşünmür. Siyasi hakimiyyət bir birini qırmaq və xalqın taleyi ilə oynamağa başlayıblar. Hesab edirəm ki, bunun nəticəsi o dövlət üçün olduqca ağır olacaq”.
Hazırkı dövrdə Ermənistanın çıxış yolunun üç tərəfli bəyanata əməl etmək olduğunu deyən deputat Cavid Osmanov isə hesab edir ki, Əgər Ermənistan sərhəddə hər hansı təxribata əl atarsa o zaman qarşılarında hər zaman Azərbaycan silahlı qüvvələrini görəcəklər. Digər bir tərəfdən isə üç tərəfli bəyanatda Azərbaycan və Ermənistanla yanaşı, Rusiya da məsuliyyət daşıdığından Ermənistan bu davranışı ilə Rusiyaya da qarşı çıxmış olur: “Ermənistanda bu gün daxildə olan böhran, qarşılıqlı vəziyyət, ittihamlar, siyasi hakimiyyətə gəlmək məqsədi ilə təxribatların törədilməsi iyun ayında nəzərdə tutulan seçkilərə kimi daha da çoxala bilər. Bununla yanaşı, biz təmkinlə bun məsələlərə yanaşmalıyıq. Ermənistan müəyyən təxribatları törətməklə üç tərəfli sazişə qarşı çıxmaqla özünü daha acınacaqlı vəziyyətə sala bilər. Hesab edirəm ki, Ermənistanın havadarlarının da bu məsələdə müəyyən təsir vasitələri var. Bu gün açıq şəkildə görsənir ki, Ermənistanın havadarlarını və lobbisini bu dövlətin bir dövlət kimi qalıb qalmaması ciddi narahat etmir. Əsas odur ki, onların düşüncəsi ilə öz çirkin niyyətlərinə çatmalıdırlar”.
Deputat Erkin Qədirli isə deyir ki, Ermənistan konstruktiv mövqe sərgiləmir və kapitulasiya bəyannaməsinə beynəlxalq hüquq çərçivəsində əməl etmir: “Beynəlxalq tanınmış sərhədlər var və Sovetlər birliyi dağılanda onun içində sərhədlər dövlət sərhədləri kimi tanınır. Lakin Ermənistanla Azərbaycan hələ də o sərhədləri razılaşdırmayıb. Bunun üçün delmitasiya və demorkasiya olmalıdır. Sərhəd anlayışı sülh müqaviləsinin bir hissəsi kimi götürülməlidir. Ermənistan göründüyü kimi konstruktiv mövqe sərgiləmir. Məğlubiyyəti ilə barışmır. Qonşular ilə dinc yaşamaq istəmir və sanki başqa bir havadadırlar”.
Deputat onu da əlavə edib ki, Ermənistan nəhayət anlamalıdır ki, sülh müqaviləsi və Azərbaycanın ərazi bütövlüyünü tanımaqla çoxillik münaqişəyə birdəfəlik son qoyular. Sərhədlərin delimitasiyası, komunikasiyaların açılması, iqtisadi cəhətdən ciddi problemlərlə üz-üzə olan Ermənistanın dirçəlişinə töhfə verə bilər. Sülh sazişi ölkələr arasında siyasi, iqtisadi və humanitar əlaqələrin qurulması və inkişafı son nəticədə isə Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, əməkdaşlıq mühitinin formalaşmasını şərtləndirə bilər.
İlahə Vəliyeva,
Musa Qulammirzəyev,
APA TV