Ermənistanda xəyal qırıqlığı: “Guya Tehranın Bakının planlarından xəbəri yox idi?”

Ermənistanlı siyasi ekspert Vahe Davtyan ölkəsindəki politoloqları və siyasi şərhçiləri savadsızlıqda suçlayıb.

O bildirib ki, hazırda Ermənistanda nəinki siyasət, heç siyasi düşüncə də yoxdur.

İranın Ermənistana görə Azərbaycan və Türkiyə ilə müharibəyə hazır olduğunu deyən siyasiləri dünyadan bixəbərlikdə qınayan ekspert bildirib ki, İranla bağlı erməni cəmiyyətində formalaşmış yanlış fikirlər və təhlillər ölkəsinin siyasi çöküşündən xəbər verir.

Davtyan ekspertlərə məsləhət görüb ki, canlı yayımdan və ya məqalə dərc etməzdən əvvəl öz üzərlərində işləsinlər.

Onun fikrincə, həmkarları və ümumilikdə erməni xalqı Yaxın Şərq, Mərkəzi Asiya və Avropadakı siyasi hadisələri və prosesləri düzgün analiz etməyə çalışsalar, anlayacaqlar ki, Tehran heç vaxt onlara qoşulub müharibəyə girişməz. Vəziyyətin gərginləşməsi fonunda İran yalnız o halda döyüş əməliyyatlarına müdaxilə edər ki, sərhədləri aşkar şəkildə hiss olunan təhlükə ilə üzləşsin, təhdid edilsin.

“Hazırda İran üçün heç bir fiziki təhlükə yoxdur. İsrail nə qədər müxtəlif döyüşkən ruhda bəyanatlar versə belə, yenə də İranla ərəb dünyasının əsas oyunçuları arasında münasibətlərin yaxşılaşmasını nəzərə almalıdır. Özü də bu Pekinin vasitəçiliyi ilə baş tutur və çəkindirici məqsədlər də daşıyır. Bir şeyi nəhayət anlayın ki, İranın müharibəyə başlamaq planı olsaydı, bunu 2020-ci ilin payızında edərdi. Sizcə, yaxşı xüsusi xidmət şəbəkəsi olan Tehranın Ankara və Bakının uzunmüddətli hədəflərindən xəbəri yox idi? Onlar anklav problemlərindən xəbərsiz idilər? Suallarım əlbəttə ki, ritorik səslənir, - deyə, siyasi ekspert qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv