Ermənistanı aksiyalar bürüdü: Tələbələr küçələrə axışır
Ermənistanın parlamentdə təmsil olunan müxalifəti hakimiyyətə qarşı küçə mübarizəsinə başlayıb. Onlar İrəvanda və regionlarda itaətsizlik aksiyalarının - tələbələrin də qoşulacağı tətillərin keçiriləcəyini bildiriblər. Təşkilatçılar qeyd ediblər ki, Ermənistanın və Qarabağın taleyindən narahat olan bütün müxalif qüvvələri birləşdirmək qərarına gəliblər.
Aksiyada iştirak edən müxalif “Vətən” partiyasının üzvü Xaçik Qalstyan İrəvanın Azadlıq Meydanının fotosunu paylaşaraq bütün gəncləri, xüsusən də tələbələri mitinqə səsləyib. Həmin partiyanın siyasi şurasının üzvü Arsen Babayan isə jurnalistlərə bildirib ki, oturaq piketin keçirilməsində məqsəd ictimaiyyətlə geniş dialoqa başlamaqdır.
Çağırışa Ermənistanın “5165” adlı hərəkatı da qoşulub. Mətbuat konfransı keçirən hərəkat aprelin 19-dan aksiyalara start veriləcəyini bəyan edib. Qeyd ediblər ki, onlar Baş nazir Nikol Paşinyanın istefasını tələb edəcəklər.
Görünür ölkədə müxaliflər ciddi şəkildə aksiyalar keçirmək niyyətindədir. Sosial şəbəkələrdə yayılan görüntülərə görə dünən axşam saatlarından başlayan aksiyanı dağıtmaq üçün polis hərəkətə keçib.
Ekspertlər hesab edirlər ki, Paşinyanın sülh müqaviləsinə razılıq verməsi müxalifləri qəzəbləndirib və bu ərəfədə aksiyaların keçirilməsi prosesləri gözlənilən idi. Bəzi siyasilər isə bu ərəfənin Paşinyan üçün xüsusi təhlükəli olduğunu bildirirlər. Onların fikrincə, baş nazirə qarşı hansısa sui-qəsd olma ehtimalı da böyükdür.
Məsələ ilə bağlı APA TV-yə açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, aksiya iştirakçıları separatçılardan, ordunun müxtəlif güclərindən, eləcə də revanşistlərdən ibarətdir və onlar düşünürlər ki, bu kimi aksiyalarla əhalini Paşinyanın əleyhinə qaldırmaqla onu devirə biləcəklər. Siyasi şərhçi onu da bildirib ki, əslində Paşinyan özü də bu kimi aksiyaların keçirilməsində maraqlıdır və ona əks qüvvələrin kimliklərini dəqiqləşdirir: “Kifayət qədər hərbiləşmiş yarı hərbçi, yarı terrorçu missiyası daşıyan Ermənistan müxalifəti keçmiş səhra komandirləri, terrorçu tör-töküntüləri, hamısı birləşib çalışacaqlar ki, dar çərçivədə silahlı qruplarla İrəvanın mərkəzində hakimiyyəti devirsinlər. Təbii ki, bunun üçün Ermənistanın polis və xüsusi xidmət orqanları Paşinyanı ciddi şəkildə dəstəkləyir. Amma ordu anti-Paşinyan dairədədir və həmin ordu da məhz separatçılara və revanşistlərə bağlıdır.”
Siyasi şərhçi Ermənistan tarixində baş tutan qalmaqallı sui-qəsdləri də xatırladıb və bildirib ki, son günlər müxtəlif platformalarda Paşinyanın adının yanında tez-tez “sui-qəsd” sözünün də işlədilməsi heç də boşuna deyil.
Fuad Sadıqov
APA TV