Ermənistanı indi nə gözləyir? - Ölü ordunun dirilmək cəhdləri -APA TV

Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı hərbi təxribatlar bir daha göstərdi ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmək istəmir.

 

Ard-arda törədilən təxribatlar əslində  beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, üçtərəfli bəyanatların müddəalarının kobud şəkildə pozulmasıdır. Ermənistanın region üçün təhlükə törədə biləcək bu addımı sülh prosesinə də ziddir. Görünür regionda sağlam dialoq, davamlı inkişaf mühitinin, sabitlik və sülhün bərpa olunması destruktiv qüvvələrin qəti marağında deyil.

 

Müsahibim, “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlunun fikrincə, bütün bunlara baxmayaraq, Azərbaycan ordusu tərəfindən bu təxribatların qarşısı alınır və alınacaq da. Çünki Azərbaycan öz ərazi bütövlüyünü qoruyur: “Azərbaycan dövləti heç kimin torpağına hücum etməyib, qəsd etməyib. Sadəcə  düşmən ağır silahlardan, minemyotlardan, pualardan  bizim mövqelərə  atəş açıb, təxribat törədib. Azərbaycan ordusu da ona cavab verib”.

 

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyir ki, Ermənistan Azərbaycan ordusunun 30 ildən sonra 44 günlük Vətən müharibəsi dövründə işğaldan azad etdiyi ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılmasını həzm edə bilmir. Hər vəchlə bu prosesə mane olmağa çalışırlar. Amma buna baxmayaraq, qüdrətli Azərbaycan ordusu istənilən təxribata cavab verməyə qadirdir və verir də: “Bütün bunlar onu göstərir ki, Ermənistan Azərbaycan tərəfinin şərtlərini qəbul etməlidir. Əks təqdirdə Azərbaycan Qazaxdan Naxçıvana qədər Ermənistan ərazisində, amma əslində tarixi Azərbaycan ərazisində bufer zona yaratmaq. Azərbaycan məcburdur Ermənistanı gəldiyi yerə göndərsin. Çünki bu iki əsrdə  biz işğal, soyqırım və terrora mərzu qalmışıq. Bu sonsuzadək davam edə bilməz. Ermənilər bölgəyə gələndən qan dayanmır.Vəhşi qəbilə təfəkkürü ilə yaşayan bir hakimiyyətin qurduğu orduya qarşı Azərbaycanın başqa seçim şansı yoxdur”.

 

Emin Həsənli onu da əlavə etdi ki, regionda sülhün bərqərar olunmasına mane olan işğalçı ölkənin törətdiyi təxribatlar beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalıdır.

 

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar nəticəsində 77 hərbi qulluqçumuz şəhid olub. Düşmən tərəfdən canlı qüvvə itkisinin 200-dən çox olduğu bildirilir.

 

AYTƏN SAKİTQIZI

KAMRAN NAMAZOV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv