Ermənistanın arxasında KİMLƏR DAYANIB? - APA TV
Ermənistan silahlı qüvvələri bu gün gecə saatlarında Daşkəsən, Laçın və Kəlbəcər istiqamətində genişmiqyaslı təxribat törədib. Müdafiə nazirliyindən bildirilib ki, cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakter daşıyaraq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır.
Maraqlıdır, istər Moskvada, istərsə də Brüsseldəki danışıqlardan sonra bu ayın sonunda sülh müqaviləsinin imzalanacağı barədə xəbərlər yayılmışdı. Bəs görəsən ötən gecə növbəti təxribatı törətməkdə rəsmi İrəvanın hansı maraqları var?
Baş vermiş son təxribatla bağlı kanalımıza açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, bu hadisələrdə Ermənistanın arxasında beynəlxalq qlobal güclər dayanır ki, onlar da bağlanacaq müqaviləyə qarşıdırlar. Onun sözlərinə görə, Ermənistan Kollektiv Təhlükəsizlik Şurasını məsələyə qatmaq istəyir ki, bu da Rusiyanı Cənubi Qafqazda ikinci cəbhəYƏ cəlb etməkdir.
Siyasi şərhçi onu da əlavə edib ki, baş verən proseslərdə hərbi, siyasi, hüquqi məsuliyyət Ermənistanın üzərindədir.
Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində deyil və buna görə də prosesin uzadılması üçün müxtəlif təxribatlara əl atılır. O əlavə edib ki, Azərbaycan Ordusu bütün təxribatların qarşısını almaq üçün effektiv vasitələrdən istifadə edib və edəcək.
Qeyd edək ki, Paşinyan bu gün parlamentdə keçirdiyi iclasda 49 erməni hərbçinin öldüyü barədə məlumat verib və qeyd edib ki, bu itki sayı yekun deyil.
Fuad Sadıqov
APA TV