Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İsgəndər” raketlərinin qalıqları nümayiş etdirilir

Hazırda gördüyünüz, Ermənistan ordusu tərəfindən Şuşa şəhərinə atılan İskəndər raketinin hissələridir. Hissələrdən də aydın olur ki, Ermənistan ordusu Şuşaya 2 ədəd İskəndər raketi atıb. Hər iki raketin qalıqları paytaxta gətirilib. Mütəxəssislər tərəfindən raketlərin hansı şəraitdə partladığına dair detallar araşdırılır.

 

APA-TV-nin  məlumatına görə, "İskəndər” raketlərinin qalıqları “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən təqdim olunub.

 

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Operativ Qərargah rəisi İdris İsmayılov bildirib ki, bugünədək Şuşada 100-dən artıq partlamamış hərbi sursat aşkar olunub: "15 martda əməkdaşlar tərəfindən Şuşa şəhərinin iki müxtəlif hissəsində təqribən bir birindən 780 metr məsafədə iki ədəd partlamış raketin qalıqları aşkar edilib. Raketlərə baxış zamanı üzərində olan 9M723 koduna görə bunun “İsgəndər” raketi olduğu müəyyən olunub. Raketin ümumi uzunluğu 7.2 metr, diametri isə 920 mm-dir. Raket tam olaraq partlamış haldadır və iki hissədən ibarətdir. Raketin hansı növə aid olması, modifikasiya kodu barədə bir çox məlumatlar səsləndirilir. Bunun bir neçə növü var. Həmin növü müəyyən etmək üçün üzərində olan yazını müəyyən etmək lazımdır. Bu yazı isə hazırda agentlik tərəfindən müəyyən olunmayıb. Həmin ərazidə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Əlavə kod, hər hansı yazı aşkar edilərsə, bu barədə məlumat veriləcək".

 

İdris İsmayılovun sözlərinə görə, Agentlik tərəfindən işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şuşa şəhərində əməliyyat-axtarış tədbirləri davam etdirilir. İndiyədək 1731 hektar ərazi tam olaraq təmizlənib. 1737 ədəd mina və partlamamış sursatlar aşkar edilərək zərərsizləşdirilib.

 

Xələf Xələfov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv