Ermənistanın beynəlxalq neft-qaz xətlərini qəsdən hədəfə alması haqqında hesabat təqdim edilib
Ermənistanın Azərbaycan ərazilərində törətdiyi ekoloji terror və beynəlxalq neft-qaz xətlərinin qəsdən hədəfə alınması haqqında hesabat təqdim edilib.
APA TV xəbər verir ki, hesabatda Ermənistanın həyata keçirdiyi təcavüz siyasəti nəticəsində işğal olunmuş ərazilərdə təbiətə, bioloji müxtəlifliyə və bütövlükdə regionun ekoloji durumuna dəyən ziyanla bağlı məlumat əksini tapıb.
Tədbirdə çıxış edən Qafqaz Regional Ekoloji Mərkəzinin sədri Mələk Şükürova bildirib ki, işğal edilmiş ərazilər azad olunduqdan sonra həmin ərazilərdə azərbaycanlı və xarici ekspertlər tərəfindən monitorinqlər keçiriləcək: “Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində 13197 5 hektar qiymətli meşə sahəsi misli görünməmiş vandalizmə məruz qalıb. Hazırda işğaldan azad edilən yerlərdə bu vandalizmin miqyasını hesablamaq mümkün hələ olmayıb. Amma həmin ərazilərdə aparılan monitorinqlərdən sonra onun miqyasını qiymətləndirmək mümkün olacaq. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Ermənistanın işğalı altında olan Bəsitçay və Qaragöl qoruqları, Arazboyu, Laçın, Qubadlı, Daşaltı təbiət yasaqlıqları kimi 6 qorunan ərazidə “Qırmızı kitab”a daxil olmuş 60-dan çox fauna və 70-dən çox flora növünün əksəriyyəti artıq məhv edilib və yox olmaq təhlükəsi ilə üz-üzədir”.
Qeyd edilib ki, bu gün ermənilər tərəfindən qadağan olunmuş fosfor bombalarından istifadə olunur və bu bombaların düşdüyü ərazidə heç nə sağ qala bilməz. Bu hücumlar həmçinin regionun enerji təhlükəsizliyini də sual altında qoyur.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlının sözlərinə görə, Ermənistan Ordusu tərəfindən neft-qaz kəməri keçən 13 rayondan 7-si raket hücumuna məruz qalıb: “Bu ilin iyul ayında Tovuzda baş verən hadisələr göstərdi ki, Azərbaycanın ölkəmizdə reallaşdırılan beynəlxalq neft-qaz kəmərlərinə hücum mesajlarına olan narahatlığı və xəbərdarlığı əsassız deyil. Bütün dünya şahid oldu ki, Ermənistan öz mesajlarını reallığa çevirməyə çalışır və beynəlxalq layihələrə təhlükə olacaq hücumlar həyata keçirir. Ermənistan Ordusu strateji və beynəlxalq əhəmiyyət kəsb edən neft və qaz kəmərlərinin keçdiyi ərazilərdəki rayonları da mütəmadi raket atəşinə tutur. Bu isə Avropanın enerji təhlükəsizliyinə ən böyük təhdiddir”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindəki meşələri yandırmaq, hava, su və torpaqları çirkləndirilmək, o cümlədən zərərli tullantıları basdırmaq yolu ilə ekoloji terror törətməkdə davam edir. Məqsədyönlü şəkildə törədilən bu hücumlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.