Ermənistanın hiyləsinə aldanan Tehran nəhayət Bakının dediklərinə razı oldu
Sentyabrın 10-da İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əlaqələr və Müdafiə Diplomatiyası İdarəsinin rəisi, general-mayor Məhəmməd Əhədi və onun nümayəndə heyəti Bakıda səfəri zamanı Hərbi Qənimətlər Parkında olublar. Səfər zamanı APA TV-nin sualını cavablandıran general bildirib ki, İranla bağlı Azərbaycanın sərhədinə hərbi texnikalarının toplanması xəbərinin əsası yoxdur. Təbii ki, bu səfər və generalın açıqlaması İrəvanın heç ürəyincə olmadı. Üstəlik, İranın vitse-prezidenti Məhəmməd Cəmşidinin tvitterdə “3+3” formatından kənar ünsiyyət qurmaq, əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti daha da çətinləşdirir” fikri rəsmi Tehranın yeni geosiyasi vəziyyəti qəbullandığına işarədir. “Nəhayət ki, rəsmi Tehran bölgədə baş verənlərə soyuqqanlı yanaşma niyyətində olduğunu göstərir”. Siyasi şərhçi Elçin Mirzəbəyli bu fikirdədir. Onun sözlərinəı görə, Ermənistanın Avropa İttifaqının monitorinq missiyasını dəvət etməsi və ABŞ-ın Ermənistanda hərbi təlimlərə başlaması, həmçinin İrəvanın son bəyanatları İranı ciddi şəkildə düşünməyə vadar edib. Siyasi şərhçi Tural İsmayılov bildirib ki, Paşinyan hökuməti bu gün Ermənistanda Qərbin casus şəbəkəsinin yerləşdirilməsi funksiyasını yerinə yetirir. O əlavə edib ki, İran prezidentinin Paşinyanla telefon danışığında “əcnəbilərlə təlimlər”, “şübhəli səfərlər” haqda dedikləri onu bir daha sübut edir ki, İran bölgə ilə bağlı yanaşmasında müəyyən korrektelər edib. Tural İsmayılov onu da əlavə edib ki, Azərbaycan tərəfindən İranla münasibətlərin yaxşılaşdırılması ilə bağlı mesajlar verilir və bu hadisələrin fonunda ölkələr arasında münasibətlərin yeni mərhələsi açılır. Siyasi şərhçi vurğulayıb ki, hələlik münasibətlərin ən yaxşı mərhələsində belə İrana güvənilməməlidir. Fuad Sadıqov APA TV