Ermənistanın "humanitar manipulyasiyası” – APA TV

Qarabağda qanunsuz erməni birləşmələrinin guya ki, “humanitar böhranın dərinləşməsi” ilə bağlı çağırışları fonunda Ermənistan Qarabağa yardım karvanı göndərir. Təbii ki, Ermənistanın bu cəhdi sadəcə siyasi spekulyasiya, şantaj və beynəlxalq icyimaiyyət üçün hazırlanan şoudur. Beynəlxalq aləmə səs salmaq istəyi regionda müxtəlif təxribatlarla sülhü pozan bir ölkənin növbəti gülünc addımıdır. Həm də İrəvan-Xankəndi tələblərinin məntiqi əsası yoxdur. İrəvanla Bakı arasında sülh müqaviləsi hələki imzalanmayıb, sərhədlər qapalıdır. Bəs Ermənistana aid məhsullar Azərbaycan ərazisinə niyə keçirilməlidir? Bakı buna nə üçün icazə verməlidir? Sülh quşunun gözünə qaşına, yoxsa Tavuş keçisinin saqqalına görə? Azərbaycan yol da təklif edir, dəstək də. Ermənistandan gələn ərzağın Azərbaycandan ötürülən məhsuldan nəyi üstündür? Azərbaycan Ermənistanın bu təxribatlarına hansı səbəbə göz yummalıdır? Kim zəmanət verə bilər ki, bu, Ermənistanın növbəti iyrənc planının tərkib hissəsi deyil?

 

Elə  Azərbaycanın Ağdam-Xankəndi yolu ilə bağlı təklifinə Ermənistanın və Qarabağdakı separatçıların münasibəti rasizmdən başqa bir şey deyil. İrəvanın Laçın postunun qarşısında sərgilədiyi “humanitar yardım” təlxəkliyinə cavab gözləyirsə, rəsmi Bakının mövqeyi ermənilər üçün heç də ürəkaçan olmayacaq. Azərbaycan alternativ yol – Ağdam-Xankəndi marşrutunu təklif edir və məsələ ermənilərin dedikləri kimi ərzaq problemidirsə, bunun həll yolu mövcuddur. Qarabağ Azərbaycan ərazisidir və bu, beynəlxalq səviyyədə tanınan həqiqətdir. Bütün dünya bu reallığı II Qarabağ savaşından əvvəl də, sonra da qəbul edir. Yəni Ermənistanın “humanitar yardım” şousunun nəticə verəcəyi ehtimalı sıfırlanır. İrəvan ermənilərin “humanitar fəlakət”indən bəhs edəndə Ağdamdan istifadə etmək alternativi ilə üzləşir, separatçılar isə bunu istəmədiklərini deyəndə “Qarabağ Azərbaycandır” nidası ilə üzləşirlər.

 

Əlbəttə ki, ziyanınadır. Ermənistan siyasi rəhbərliyinin Qarabağda “səhnələşdirmək” istədiyi bu dəfəki tamaşa anşlaqsız keçir. Şantaj və təzyiqlə dolu bu səhnəcik beynəlxalq ictimaiyyətə yalan sırımaq məqsədi daşıyır. İrəvanda yaşayan erməni blogger Roman Baqdasaryanın özü də dəfələrlə Erməni yalanlarını  ifşa edib. Son çıxışlarının birində isə Araikin Xankəndində “acından öldük” feyk kampaniyasını məhzəkəyə qoyması da əslində İrəvanın iç üzünü açmaqdır. Onsuz da 44 günlük Vətən müharibəsindən Qələbə ilə  ayrılan Azərbaycan bu tamaşanın tərkib hissəsi olmadı. Bakını təxribata sürükləmək cəhdi yenə də baş tutmadı. İndi sovet ittifaqı illəri deyil ki, ermənilər özlərinin təşkil etdiyi Sumqayıt hadisələrinə görə məsuliyyəti Azərbaycanın üzərinə atsın. Hazırda biz müstəqilik, yeni geosiyasi reallıqlar yaratmışıq və buna Ermənistanın “humanitar böhran, humanitar fəlakət” devizli feykləri kölgə sala bilməz .

 

Bir sözlə, Ermənistanın Qarabağda yaşayan ermənilərə münasibətdə humanitar təzyiq üsullarından istifadə edilməsi ilə bağlı ucuz bəyanatları regionda stabilliyin pozulmasına hesablanan iyrəncliklərdir. Yuxusunda darı görən ac toyuq kimi ortaqlıqda özünə yer tapa bilməyən Paşinyan hər nə qədər “Qarabağa göndərilən 360 ton yükün yalnız humanitar məqsəd” daşıdığını desə də, bu, manipulyasiyadır. Hər nə qədər Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bunu təkzib etsə də, Brüssel görüşündə razılaşdırıldığı kimi, Ağdam-Xankəndi yolu bütün növ qidaların daşınmasına hazırdır.

 

Lakin bu yolun istifadəsinə guya icazə verilməməsi, yerli sakinlərin girov kimi istismar yalanı, eləcə də “humanitar yardım” şousu alqış düşməyən tamaşadır.

 

AYTƏN SAKİTQIZI

APA TV

Müəllif | Apa.Tv
Apa.tv