“Ermənistanın KTMT-dəki mövqeyi fiaskoya uğradı” – DÜŞMƏNƏ GÖZ DAĞI

Ötən həftə Azərbaycan və region gündəmi yenə zəngin idi. Belə ki, Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti zirvə görüşü keçirildi. Xatırladaq ki, hökumətlərarası regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir. 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat, 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı olaraq yenidən qurulub. Hazırda təşkilatın 10 üzvü var: Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan. Katibliyi Tehranda yerləşir. Baş katib Xusrav Noziridir.

 

Soçi görüşündən sonra İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında da Zəngəzur dəhlizi müzakirə edildi. Üstəlik, Prezident İlham Əliyevin tribunadan dəhlizin artıq reallığa çevrilməsini bəyan etməsi, yeni geosiyasi proseslərdə və formalaşmaqda olan yeni dünya düzənində Azərbaycanın gücü, iqtisadi və siyasi potensialı, o cümlədən Zəngəzur dəhlizinin böyük əhəmiyyətindən xəbər verir. Məsələnin bir neçə beynəlxalq platformalarda müzakirəyə çıxarılması şübhəsiz ki, bu dəhlizin Şərq-Qərb və Şimal-Cənub dəhlizləri baxımından da önəmlidir. Yəni ki, bu yol bir neçə regionu birləşdirən qovşaq rolunu oynayır. Azərbaycan son illər faktiki olaraq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlə­rin­dən birinə çevrilir ki, Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacağı da heç şübhə doğurmur.

 

Siyasi sərhçi Məhəmməd Əsədullazadə deyir ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına yeni iqtisadi-siyasi nizam yaradan ölkə kimi qatıldı. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Zirvə görüşündəki Zəngəzur dəhlizi ilə bağlı çağırışları bu dəhlizin qısa zamanda açılacağına işarədir:

 

 “Azərbaycan tərəfi bu görüşdə konkret uğurla, regionda yeni siyasi-iqtisadi nizam quran bir dövlət kimi iştirak etdi. Prezident İlham Əliyevin üzv dövlətlərinə də Zəngəzur dəhlizindən istifadə etməsi üçün çağırış etməsi bir daha onu göstərdi ki, bu dəhliz açılacaq və hətta təşkilata üzv ölkələr də bu yoldan istifadə edəcək”.

 

Məhəmməd Əsədullazadə onu da qeyd etdi ki, KTMT üzvlərinin bu görüşdə Azərbaycanı təbrik etməsi Ermənistan üçün soyuq duş effekti verdi:

 

 “Bu zirvə görüşündə KTMT-yə üzv ölkələri də iştirak edib. Həmin ölkələr Azərbaycanı Qarabağ qalibiyyəti ilə bağlı təbrik etdilər. Bu da Ermənistan üçün soyuq duş effektidir. Artıq KTMT üzvləri Azərbaycanı dəstəkləyən bir mövqedədirlər. Bununla da Ermənistanın adıçəkilən təşkilatdakı mövqeyi fiaskoya uğradı”.

 

Beynəlxalq statistik göstəricilər də Azərbaycanın xarici yatırımlar üçün açıq və cəlbedici olmasını təsdiq edir. Beləliklə, İƏT üzvü ölkələr bu qurumun məsuliyyətli üzvü olan Güney Qafqaz ölkəsinə, özəlliklə işğaldan azad olunmuş ərazilərə yatırım qoya bilər. İqtisadçı-alim Fuad İbrahimov deyir ki, bu dəhliz şərq-qərb, Şimal-Cənub iqtisadi qovşaqların önəmli bir hissəsinə çevriləcək.

 

 “Aşqabadda İƏT-in növbəti zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışında ölkə iqtisadiyyatının mövcud vəziyyəti, eləcə də uğurları, o cümlədən ÜDM-in səviyyəsi, pandemiya dövründə aparılan tədbirlər, xarici borclar haqqında çox geniş məlumat verib. Beynəlxalq reytinq təşkilatlarının Azərbaycan iqtisadiyyatının differensial qaydada sahələr üzrə nailiyyətlərinin qiymətləndirilməsi haqqında da məlumatlar verildi. Bununla yanaşı, Prezident çıxışının ən önəmli hissəsində Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsi haqqında açıqlama verərək, bildirib ki, bu dəhliz  şərq-qərb, Şimal-Cənub iqtisadi qovşaqların önəmli bir hissəsinə çevriləcək”.

 

Qeyd edək ki, 44 günlük müharibə dövründə Ermənistanın və onların xaricdəki havadarlarının əsas “güvənc mənbələrindən” biri kimi KTMT qeyd edilirdi. Bu təşkilatın Azərbaycana qarşı aktiv fəaliyyətə başlanması ümid edilirdi. Lakin İƏT-in 3 üzvünün, eyni zamanda KTMT-nin üzvü olmasını, eləcə də Türk Şurası Təşkilatında da KTMT-ə üzv ölkələrin olduğunu nəzərə alsaq düşmənlərin necə xəyal qırıqlığına uğradığını görməmək mümkün deyil. İƏT-ə sədrliyin Türkmənistandan Özbəkistana keçməsi kontekstində Azərbaycanın İƏT ölkələri, o cümlədən Türkmənistan və Özbəkistanla yaxın dostluq münasibətlərində olması isə Azərbaycan Prezidentinin uzaqgörən xarici siyasətinin məntiqi nəticəsidir.

Müəllif | Apa.Tv
Apa.tv