Ermənistanın mülki cinayətləri ilə bağlı hesabat hazırlanıb

Azərbaycan Hüquq Müdafiə Təşkilatçıları Monitorinq Qrupu Qarabağ uğrunda gedən Vətən Müharibəsi zamanı dinc əhalinin hədəfə alınması ilə bağlı hesabat təqdim edib.

 

APA TV-nin xəbərinə görə, hesabatı Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin rəhbəri Səadət Bənanyarlı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə və  Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov ictimaiyyətə açıqlayıb.

 

Hesabatda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri ilə bağlı faktlar və məlumatlar öz əksini tapıb.

 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə qeyd edib ki, artıq bir çox beynəlxalq təşkilatlar ermənilərin Azərbaycana qarşı müharibə cinayətlərinə öz münasibətini bildirib: “QHT-lər olaraq biz də bir çox beynəlxalq təşkilatlara sənədlər göndərmişik. QHT-lərin Monitorinq Qrupu olaraq Qarabağ uğrunda gedən Vətən Müharibəsi zamanı dinc əhalinin hədəfə alınması ilə bağlı hesabat hazırlamışıq. Yaxın 10 gündə biz aralıq hesabatı da hazırlayacağıq və buraya yeni baş verən faktları da əlavə edəcəyik. Növbəti dəfə ekologiya ilə bağlı hesabat hazırlayacağıq. Gələcəkdəki hesabatlarda uşaqlar, qadınlar ayrıca bölmə olaraq hazırlanacaq”.

 

Bir çox hallarda “Human Rights Watch” və “Amnesty İnternational” kimi təşkilatların hazırladığı hesabatların BMT-nin sənədlərində əsas kimi götürüldüyünü deyən Çingiz Qənizadə bildirib ki, onların burada hazırladığı hesabatlar bu baxımdan vacibdir.

 

Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov isə qeyd edib ki, müharibə tək cəbhədə deyil, həm də beynəlxalq təşkilatlarla, beynəlxalq ictimaiyyətlə gedir. Ona görə də qərara alınıb ki, bu cür hesabat hazırlanıb beynəlxalq təşkilatlara göndərilsin: “Hesabatda 27 sentyabrdan bu yana olan hadisələr əcnəbilər üçün qruplaşdırılıb. Hesabatda Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə olunan qadağan edilmiş silahlarla bağlı məlumat verilib. Burada olan faktlar ANAMA-nın və Baş Prokurorluğun məlumatlarına əsaslanır. Biz bu hesabatı hazırlayarkən əcnəbilər üçün maraqlı olmasına diqqət etmişik. Ona görə də hesabatı yığcam və çoxlu faktlar əsasında hazırlamışıq”.

 

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı isə hesab edir ki, bu gün beynəlxalq hüquq müdafiə təşkilatları bizim Vətən müharibəmizə çox gec reaksiya veriblər. Hətta Avropa İnsan hüquqları üzrə komissarı hələ də reaksiya verməyib.

 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirib ki, Azərbaycanda müharibə şəraitində informasiya müharibəsi tam normal və yüksək səviyyədə təşkil olunub. Bu prosesdə Azərbaycanın media sahəsində çalışanlar əlindən gələni edir və biz Ermənistanla informasiya müharibəsində də üstünlük qazanmışıq.

 

İlahə Vəliyeva

Əli Ələkbər

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv