Ermənistanın sərhəddəki təxribatı ilə bağlı cinayət işləri başlanıb

Ermənistan silahlı qüvvələrinin bölmələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyası və onun Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının tələblərini kobud şəkildə pozaraq 2022-ci il sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.

 

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.

 

Baş vermiş hadisələrlə bağlı toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama, təcavüzkar müharibəni aparma, müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə, iki və ya daha çox şəxsi öldürmə, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə və digər maddələri ilə Gəncə, Qubadlı və Kəlbəcər hərbi prokurorluqlarında cinayət işləri başlanıb, istintaq qrupları yaradılmaqla operativ istintaq hərəkətləri icra olunur. Hazırda prokurorluq əməkdaşları tərəfindən mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv