Ermənistanın Tərtərə raket zərbəsi nəticəsində 16 yaşlı yeniyetmə vəfat edib

Ermənistan silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, 24.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Goranboy və Tərtər rayonları müxtəlif istiqamətlərdən intensiv raket və  ağır artilleriyadan atəşə tutulub.

 

Bu gün saat 10 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.

 

Bundan başqa, bu gün saat 09 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə top mərmilərinin düşməsi nəticəsində Yaqubov Qafqaz Bəhmən oğlu və Şirinov Bəylər Zahid oğluna məxsus fərdi yaşayış evlərinə külli miqdarda ziyan dəyib.

 

Həmçinin 17.10.2020-ci il tarixdə düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış 2007-ci il təvəllüdlü Mayakov Artur Ramiz oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq, bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud  şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv