Ermənistanın yarımçıq qoyduğu körpə həyatları – BİZİM ŞƏRH
Yenə eyni ssenari, yenə eyni oyunçular və nəticədə yarımçıq qalan körpə həyatları...
Terror dövləti olan Ermənistanın növbəti dəfə mülki əhalini hədəf alması daha bir körpənin həlak olmasına səbəb oldu.
Bu dəfə döyüş bölgəsindən uzaqda yerləşən Bərdənin Qarayusifli kəndinə raket atılması nəticəsində 7 yaşlı Aysu İsgəndərova və daha 3 nəfər həlak oldu.
3 yaşlı bacısı Tahirə ilə birgə oynadığı yerdə erməni terrorunun qurbanı olan Aysudan geriyə qalanlar isə ürəkləri dağlayır.
Ermənistan dövləti, Ermənistan hakimiyyəti, Ermənistan silahlı qüvvələri növbəti dəfə, növbəti terror aktına imza atdılar. Onlar yenə uşaq qatili oldular. Körpə balamız Aysunun boş qalan yelləncəyi, onun geyindiyi ayaqqabıları və bütün qız uşaqlarının uşaq vaxtı evcik qurub oynadığı əşyaları. Növbəti terror aktı, növbəti uşaq qatili, növbəti Ermənistan dövləti. Biz bu mənzərəni Xocalı soyqırımında da yaşamışdıq.
Aysunun əmisi Elşən İsgəndərov deyir ki, hər şey bir anda baş verdiyi üçün heç kim xilas ola bilməyib: “Bir anlıq oldu da, yəni bir anlıq oldu. Heç kim qaça bilmədi də bir tərəfə, yəni özünü müdafiə edə. Olmadı elə bir şey. Yəni qəfil alındı. Qardaşım sonra zəng elədi mənə. Aradan bir beş dəqiqə keçərdi bəlkə də. Zəng elədi ki, bəs Aysu pisdir, böyük qızı. Vəziyyəti yaxşı deyil. O da rəhmətə getdi”.
İndi erməni terrorunun qurbanı olan körpə balaların siyahısına 7 yaşlı Aysu da əlavə olundu. Buna qədər isə terror dövlətinin Naftalanda dinc əhalinin yaşadığı evə mərmi atması nəticəsində 7-ci sinif şagirdi Şəhriyar və 9-cu sinif şagirdi Fidan Qurbanovalar həlak olmuşdu.
Oktyabrın 11-i və 17-də Ermənistan Gəncə şəhərini raket atəşinə tutdu. Gecə hamının yatdığı vaxt törədilən terror nəticəsində Narin, Mədinə, Orxan, Məryəm, Nigar və Artur dağıntılar altında qalaraq həlak oldular.
XXI əsrdə terror dövləti olan Ermənistanın Naftalanda, Gəncədə və Bərdədə törətdikləri 1992-ci il fevralın 26-da Xocalıda törətdiyi faciədən heç də geri qalmır. Çünki mülki əhaliyə qarşı törədilən bu cür terror hadisələri zamanı körpələrin həyatları yarımçıq qaldı. Onları birləşdirən ortaq cəhətlər isə heç bir günahları olmadan erməni terrorunun qurbanı olmalarıdır. Kimisi yatdığı yerdə, kimisi oynadığı yerdə, kimisi ana qucağında. Yarımçıq qalan isə xəyalları və həyatlarıdır.
Amma qatil Ermənistanın unutduğu bir şey var. Xocalı soyqırımından başlayan və bu gün də davam edən bu terror aktlarının müəllifləri Nilayların, Xədicələrin, Aysuların ölümünə görə cəzalarını mütləq çəkəcəklər.