Əsgər və həkimlərimizə ikinci cəbhə açmayaq! - SOS
Sentyabrın 27-dən bəri xalq və ölkə olaraq sevincli günlər yaşayırıq. Ordumuzun bayrağımızı azad etdiyi torpaqlarımızın səmasında dalğalandırmasından qürurverici nə ola bilər ki? Lakin bu ilin əvvəlindən bütün dünyaya ciddi problemlər yaradan və günü-gündən artmaqda davam edən COVID-19 virusu bizi ikinci cəbhədə də mübarizə aparmağa vadar edir.
Açıq etiraf etmək lazımdır ki, hərbi komissarlıqların qarşısında əsgərlərimizin yolasalma və şəhidlərimizin dəfn mərasimində yaşanan izdihamlar koronavirusa yoluxma statistikasında ciddi artıma səbəb olub. Çünki emosiyalarını cilovlaya bilməyən vətəndaşlarımız bu cür yerlərdə sosial məsafəni gözləməyə və tibbi maskadan istifadə etməyə ciddi yanaşmırlar. Bu isə istər yoluxanların, istərsə də virusdan ölənlərin sayında artıma gətirib çıxarır, nəticədə həkimlərimizin diqqəti cəbhədə yaralanan əsgərlərdən yayınır, həm də koronavirus xəstələrinə yönəlir.
- İllərdir Azərbaycan xalqının gözlədiyi dönəm gəlib çatıb. Son günlər müharibə şəraiti ilə bərabər COVID-19-un da statistikası yüksəlib. Mən belə düşünürəm ki bunun məsuliyyəti hər birimizin üzərindədir. Günü-gündən rayonlarımız, kəndlərimiz alınır. Bu zaman küçəyə toplaşıb şüarlar səsləndirmək bizim üçün təhlükəli ola bilər. Biz öz eyvanlarımızdan da şüarlar səsləndirə bilərik.
- Ordumuzun zəfər, qələbələrini sözlə ifadə etmək mümkün deyil. Neçə gündür sevincliyəm. Danışmaqda da çətinlik çəkirəm. COVID-19-la bağlı onu deyə bilərəm ki, ordumuza köməklik etmək istəyirsinizsə, özümüzü gözləyək. Biz özümüzü qorusaq, oradakı əsgərlərimizə heç nə olmayacaq.
TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva da deyir ki, zəfər xəbərləri bəzən vətəndaşlara koronavirus təhlükəsini unutdurur. Ordumuza dəstək məqsədilə göstərilən təşəbbüslər, 30 ildir gözlədiyimiz qələbəni bir araya toplaşaraq bölüşmək heç gözləmədiyimiz nəticələr verə və koronavirusun kəskin statistikası bizə geri dönüş edə bilər. Amma bu proseslərin hər biri məsuliyyətli şəkildə, qaydalar çərçivəsində icra olunsa, heç bir problem yaranmaz: “Son bir aylıq statistika heç də ürəkaçan deyil. Yoluxma saylarımız yüksəlməyə doğru davam etməkdədir. Yoluxma sayının artması ağır xəstələrin, ölüm hallarının sayının artması deməkdir. Hazırda elə bir həssas dönəmdən keçirik ki, hər iki cəbhədə aktiv mübarizə şəraitindəyik. Hər iki cəbhədə bizim itkilərimiz var. Təbii ki, bu, müharibə şəraitində olan ölkə üçün arzuolunmaz haldır”.
Nəzrin Mustafayevanın sözlərinə görə, indi Azərbaycanda yaşından, vəzifəsindən və kimliyindən asılı olmayaraq, hər kəs cəbhə üçün çalışır: “Kimi yardım göndərir, kimi vəsaitlər göndərməyə çalışır. Bu da yardımın bir növüdür. Bizim yaralı əsgərlərimiz, hərbçilərimiz var. Biz özümüzü, ətrafımızı qorusaq, ən azı səhiyyənin üzərinə düşən yükün tam olaraq cəbhəyə yönəlməsinə kömək etmiş olarıq. Bu həssas dönəmdə hər bir şəxsdən xahiş edirəm ki, qorunma qaydalarına, maska istifadəsinə, sıx məkanlardan uzaq durmağa, sosial məsafə qaydalarına riayət etməklə cəbhə üçün də öz birliyimizi göstərmiş olaq”.
“Vətən şəhidsiz olmaz” deyirlər. Qələbəni də, hüznü də eyni anda yaşayırıq. İlahiyyatçı alim, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanovun fikrincə, qanları bahasına bayrağımızı ucaldan şəhidlərimizi son mənzilə yola salarkən, boynumuza düşən mənəvi borcumuzu yerinə yetirərkən hələ də can almağa davam edən bu virus ön cəbhəyə qədər gedib çatmasın deyə, vətən uğrunda canından keçən şəhidlərimizin dəfn mərasimlərində daha diqqətli davranmalıyıq: “Bizim gücümüz bizim birliyimizdədir. “Şəhid dəfnlərinə getməyək” demək mənən düzgün olmaz. Amma orada varlığımızı ifadə etmək istəyiriksə, onlar üçün dua edək, bacarırıqsa, Quran oxuyaq. Amma oraya gedib başqa bir cəbhənin açılmasına, xəstəlik probleminin yaranmasına, virusun yayılmasına səbəb olacağıqsa, bir müddətlik bu addımlardan uzaq duraq. Gedəcəyimiz təqdirdə də qaydalara əməl edərək məsafə saxlayaq. Düşünək ki, ikinci cəbhə həm psixoloji birliyimizə, həm mənəvi birliyimizə, bir güc altında birləşməyimizə mane olacaq. Əsgərimizin düşüncəsinin parçalanmasına səbəb olacaq. Təbii ki, heç bir Azərbaycan vətəndaşı bunu etmək istəməz. Mən xalqımıza müraciət edirəm ki, bu mənəvi borcumuzu yerinə yetirdiyimiz zaman çox diqqətli olaq”.
İndi birlik vaxtıdır. Yumruq kimi birləşən xalqımızın birliyi qırılmasın deyə, torpaqlarımız uğrunda ölüm-dirim savaşına atılan hər bir döyüşçümüz öz ailəsindən, yaxınlarından arxayın olsun deyə, özümüzü və ətrafımızı COVID-19 virusundan qorumalıyıq. Azərbaycan əsgərinin qələbəyə addım-addım irəlilədiyi bir vaxtda bizdən tək ricası da budur.
FATMA ZAHİDQIZI
ƏLİ ƏLƏKBƏR
APA TV