Əsir düşən erməni din xadimi: “Həmvətənlərimə müraciət edirəm ki, silahı yerə qoysunlar”

“Yeddinci Günün Adventistləri”nin Dua Evində Ermənistanın Gümrü şəhərinin Adventist kilsəsinin Azərbaycana əsir düşmüş pastoru Hovsep Araratoviç Saakyanla görüş keçirilib.

 

APA TV xəbər verir ki, əvvəlcə Hovsep Saakyan, həmçinin Bakı və Gəncədəki “Yeddinci Günün Adventistləri” icmalarının pastorları Elşən Cabbarov və Elşən Səmədov dua ediblər.  

 

Dua mərasimindən sonra Elşən Cabbarov çıxış edərək bildirib ki, Allah insanların həmişə sülh içində olmasını istəyir və insanların həlak olmasını istəmir: “Təbii ki, biz kitabın əsasında bu gün bilirik ki, Allah sülh Allahıdır. O, hər bir xalqın sülhdə yaşamasını istəyir. Ona görə də biz bu gün öz inancımıza uyğun olaraq çağırırıq ki, silahı yerə qoysunlar və o torpaqlardan, Azərbaycan xalqına məxsus olan yerlərdən çıxsınlar”.

 

Daha sonra Azərbaycan hərbçiləri tərəfindən əsir götürülən Hovsep Saakyan çıxış edərək, 2011-ci ildən Allahverdi deyilən yerdə xidmətə başladığını, sonra Gümrü şəhərində “Yeddinci Günün Adventistləri”nin icmasında pastor kimi xidmətini davam etdirdiyini deyib: “Mən dini inancıma görə müharibə tərəfdarı olmadığımı, əlimə silah götürüb heç kəsi öldürə bilməyəcəyimi desəm də, dinləmədilər. Çünki Allahın on əmrindən altıncısında da deyilir ki, öldürmə. Lakin onlar dedilər ki, bunun heç bir əhəmiyyəti yoxdur, sən orda olmalısan. Mən cəbhəyə getdim və dedim ki, heç kəsi öldürməyəcəm. Mənə imkan yaratsaydılar, vuruşmaq əvəzinə, arxa cəbhədə hospitalda xəstələrə yardım göstərərdim. Lakin bizimkilər buna imkan vermədi”.

 

Qubadlıda yaralandığını deyən pastor qeyd edib ki, 60 erməni əsgərindən yalnız o sağ qalıb. Sağ qalmasını möcüzə adlandıran Saakyan erməni patriarxı II Qareginin müharibə çağırışlarını da qəbul etmədiyini diqqətə çatdırıb. O, Ermənistan rəhbərliyinin din xadimlərini müharibəyə cəlb etməklə Azərbaycan xalqının haqlı davasını dini zəmin üzərinə yönləndirməyə və dünyanın diqqətini üzərlərinə çəkməyə çalışdıqlarını bildirib.

 

Pastor erməni əsgərlərinə çağırış da edib: “Mən bir inanclı insan kimi həmvətənlərimə müraciət edirəm ki, silahı yerə qoysunlar, vuruşmasınlar. Çünki onlar başqalarının torpağında vuruşurlar. Mənimlə 60 insan var idi. Əminliklə deyə bilərəm ki, onlar da döyüşmək istəmirdilər. Onlar da sülh tərəfdarı idilər. Çünki onlar da cavan insanlar idilər, onların ailəsi, uşaqları vardı, müharibəni dayandırıb evlərinə qayıtmaq istəyirdilər. Necə ki, mən ailəli insanam, doqquz aylıq qızım var və tezliklə ailəmə qovuşmaq istəyirəm, onlar da mənim kimi ailələrinə qovuşmaq istəyirdilər".

 

Saxlanma şəraitinə toxunan Hovsep Saakyan onun üçün Azərbaycanda bütün lazımi şəraitin yaradıldığını, Azərbaycan həkimləri tərəfindən əməliyyat olunduğunu, yemək və paltarla təmin edildiyini qeyd edib.

 

Xələf Xələfov

Üzeyir Ağayev

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv