Əsirlikdən azad olunan Bayram Kərimovun xanımı: “Doğum günümə ən böyük hədiyyə oldu”

“Bayramın əsirlikdən geri qaytarılmasını eşidəndə sevincimdən özümdən getdim”.

 

Bu fikirləri erməni əsirliyindən azad olunaraq Vətənə gətirilən Bayram Kərimovun xanımı Sevgi Kərimova APA TV-yə açıqlamasında deyib. 

 

Onun sözlərinə görə, həyat yoldaşının əsirlikdən azad olunması onun doğum gününə ən böyük hədiyyədir: “Heç kəs bizə zəng edib deməyib ki, Bayram Bakıdadır. Ancaq saytlardan eşitmişik, xəbərlərdə görmüşük. Bayram 1 ay 1 həftədir əsrilikdə idi. Bizim 3 yaşında bir oğlumuz var, adı da Uğurdur. Hamı zəng edib bizi təbrik edir. Bu xəbəri eşidəndə özümdən getdim. Məni sonradan ayıldıblar. Bu gün də mənim ad günümdür, inşallah, Bayramın gəlişi ad günümə hədiyyə olar”.

 

Bayramın Anası Zülfiyyə Kərimova deyir ki, dünən Bayramın adı siyahıda çıxanda çox sevinib: “Dünən axşam vaxtı idi bu xəbəri eşitdik. Təxminən saat 6-7 olardı. Adı siyahıda çıxanda çox sevindik. Sonra gördük hələ bir məlumat yoxdur. Sonrada gördük Bayramın da şəkilləri paylaşılıb, bu əsirimiz də qaytarılıb. Bu xəbəri eşidəndə bir ana kimi o qədər sevindim ki. Hökumətimiz sağ olsun!”

 

Zülfiyə xanım deyir ki, Bayram əsirlikdə olan müddət ərzində iki dəfə ona məktub göndəriblər: “Birinci məktubumuza cavab gəlib. Qırmızı Xaç Komitəsində dedilər ki, uşağın yanında olmuşuq, yaxşıdır, əməliyyat olunub. Məktubu oxuyub həyəcanlanıb, heç nə yaza bilməyib. Deyib ki, valideynlərimə deyin sağ-salamatçılıqdır”.

 

Bayramın əmisi Rövşən Kərimov hərbi əsirlərimizin qaytarılmasına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Ali Baş Komandanımız sağ olsun ki, əsirlərimizi qaytardı. Mən taksi şoferiyəm. Bu xəbəri eşidəndə sükan arxasında idim. Maşını saxladım, bir anda sevincimdən kədərləndim. Allah eləsin ki, səsi gəlsin. Mənə zəng eləsin, desin ki əmican, mən gəlmişəm’’.

 

Bayramın qaynanası Səkinə Abbasova onun dönəcəyinə hər zaman inandığını söyləyib: “Cənab Prezidentimizə çox minnətdarıq. Biz bilirdik ki, bizim Prezidentimiz orda olan əsirləri alıb bizə  qaytaracaq, bizi sevindirəcək. Mən ailəmiz adından cənab Prezidentimizə təşəkkür edirəm. Çox sağ olsun ki, onun gücü sayəsində əsirlərimiz qayıtdı’’.

 

Qeyd edək ki, Bayram Kərimov noyabr 8-də Şuşa uğrunda gedən şiddətli döyüşlərdə yaralanaraq əsir götürülüb. 

 

Yazı çapa hazırlanarkən məlumat aldıq ki, Bayram evə zəng edərək valideynləri ilə danışıb, həyat yoldaşını doğum günü münasibətilə təbrik edib.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

Müəllif | Apa.Tv
Apa.tv