Əsirlikdən azad olunan zabit: “Mənə kəlbətinlə işgəncələr verilib, iynələr vurulub”

“Bu günədək döyüş bölgəsindən 334 Azərbaycan, 988 erməni hərbçisinin meyiti çıxarılıb”.

APA TV-nin  məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O bildirib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın 8-ci bəndinə əsasən, hərbi əsir, girov, habelə cəsədlərin dəyişdirilməsi müvafiq qaydada həyata keçirilməlidir. Dövlət Komissiyası tərəfindən birtərəfli qaydada 2 dekabr, 9 dekabr, 11 dekabr və s. tarixlərdə erməni vətəndaşı olan şəxslər, habelə erməni hərbi qulluqçular Ermənistana təhvil verilib: “2020-ci ilin dekabrın 14-də Azərbaycan Respublikasının 14 vətəndaşı erməni əsirliyindən, həmçinin girovluğundan azad edilərək vətənə gətirilib. Üçtərəfli bəyanata uyğun olaraq sonuncu proses 28 dekabrda həyata keçirilib. İndiyədək Azərbaycanda saxlanılan 58 erməni milliyyətli şəxs - 33 hərbçi və 25 mülki şəxs geri verilib. Azərbaycanda hələ 5 erməni milliyyətli 2 hərbçi və 3 mülki şəxs saxlanılır. Qarşı tərəfdə isə 2 mülki Azərbaycan vətəndaşı saxlanılır. Bunlar barədə Beynəlxalq Qırmızı Xaç Komitəsində məlumatlar var”.

Erməni əsirliyindən azad olunaraq doğma vətəninə, ailəsinə qovuşan ordumuzun zabiti Mobil Əhmədzadə bütün bunların Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu,  müdrik siyasətinin nəticəsi olduğunu deyib: “34 gün əsirlikdə olmuşam. Mənə kəlbətinlə işgəncələr verilib, iynələr vurulub. Düşmən tərəfindən əsirlərin toxunulmazlığı prinsipinə riayət olunmayıb. 31 gün türmədə qalmışam. Əsirlikdə olanda qələbə qazandığımızdan xəbərimiz yox idi. Dekabrın 11-də onların televizorda bizim parada baxdıqlarını bildim. Bizi Bakıya gətirdiklərini bilmirdik. Bakıya çatanda bildim”.

Sosial şəbəkələrdə uzun müddət fotoları paylaşılan, hər kəsin səbirsizliklə yolunu gözlədiyi Bayram Kərimov əsirlikdə olarkən ən çox döyüş yoldaşları üçün darıxdığını deyib. O, qəlpə yaralarının təsirindən huşunu itirdiyi üçün əsir düşdüyünü ayılarkən anlayıb:  “Mən gözümü açanda hiss etdim Ermənistandayam. Başqa səslər var idi. Öncə rus dilinə bənzətdim. Sonra gördüm yox, ermənilərdir. 10 gün heç nə xatırlamadım. Sonra yavaş-yavaş yadıma düşürdü hər şey və bu zaman pis olurdum. Əl-qolum bağlı vəziyyətdə idi. Yatdığım yerdə iynəni salıb dərimi cırdılar. Dubinka ilə vururdular. Yatırdım, gətirib ağzıma qaynar kofe tökürdülər. Bir dəfə təhqir elədim, daha pis döydülər”.

Əsirlikdən azad olunub vətənə dönən Bayram ən çox nə üçün sevindiyini də açıqlayıb: “Yalan niyə danışım? Orda olarkən elə bilirdim bütün döyüş yoldaşlarım şəhid olub. Elə pis olurdum. Ən çox onlar üçün darıxırdım. Vətənə dönərkən onların əksəriyyətinin yaşadığını öyrəndim. Ən çox bu zaman sevindim”.

Erməni əsgərlərin əsirlərə gələn yeməkləri oğurladığını bildirən ordumuzun kiçik giziri, Vətən Müharibəsi qazisi Ömər Ələkbərova qarşı bütün işgəncə metodları tətbiq edilsə də, sözündən və əqidəsindən dönməyib: “Mən gün yarım yaralı vəziyyətdə mühasirədə qaldım. Sonra ərazidən çıxmaq istəyərkən yerimi müəyyən etdilər. Məni tutanda boynumdan yapışdılar. Olmazın işgəncələr verirdilər. Heç bir ağrıkəsicidən istifadə etmədən kəlbətinlə yaramdan sümüklər qırıb çıxarırdılar”.

Düşmən əsirliyindən azad edilərək ailələrinə qovuşan digər hərbiçilər Nahid Həmidov, Anar Əliyev, Nurlan Əlizadə, Yaşar Abidinov da Zəfər Günümüzün memarı olan Ali Baş Komandan İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirərək, lazım gələrsə bundan sonra da vətənin keşiyində durmağa hazır olduqlarını deyiblər.

Xələf Xələfov,

Faiq Həsənov,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv