Əsirlikdən sonra reabilitasiya olunan Yəhya Abdinov ailəsinə dönüb
Ermənistan hərbi birləşmələrinin əsirliyində olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Yəhya Abdinov qısa müddətli reabilitasiyadan sonra ailəsinə qovuşub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, əsir hərbi qulluqçumuzun bayram günlərində ailəsinə qovuşması ailədə böyük sevinclə qarşılanıb.
Yəhya Abidinov vətən müharibəsinə könüllü yollanaraq sentyabrın 30-u Füzuli istiqamətində gedən döyüşlərə qoşulub. 44 günlük vətən müharibəsində iştirak edən Yəhya Abidinov noyabr ayının 9-da Xocavənd istiqamətində ayağından ağır yaralanıb. Yaralı vəziyyətdə hərəkət imkanları məhdudlaşan və huşunu itirən Yəhya düşmən tərəfə əsir düşür. Ailəsi onunla mütəmadi əlaqə saxlasa da, sonuncu dəfə onunla əlaqə noyabr ayının 2-də baş tutub. Ondan sonra onunla əlaqə saxlaya bilməyən valideynlərinə Yəhyanın əsir düşməsi barədə məlumat verilib. 34 gün düşmən əsiriliyində olan Yəhya qeyd edir ki, düşmən tərəfindən əsir götürüldükdən sonra Xocavəndə aparılır, orda yaralı ayağı əməliyyat olunduqdan sonra Yerevana hospitala yerləşdirilir. Həmin vaxt onunla birgə daha 6 hərbiçimiz də əsirlikdə olublar. Yəhya Abdinov qeyd edir ki, düşmən əsirliyində onlara heç də yaxşı münasibət göstərilməyib.
Qeyd edək ki, Vətən Müharibəsində yaralanaraq ermənilər tərəfindən əsir götürülən Hacıqabul rayonunun Ağacanlı kənd sakini, hərbi qulluqçu Yəhya Abdinovu yaşadığı kənddə yaxınları və kənd sakinləri qarşılayıblar. Əsirin geri dönməsi böyük çoşqu ilə qarşılanıb, qurbanlar kəsilib.