ETSN: İşğaldan azad olunmuş ərazilərdə ilkin qiymətləndirmə işlərinə başlanılıb
"İşğaldan azad olunmuş ərazilərdə ilkin qiymətləndirmə işlərinə başlanılıb".
APA TV xəbər verir ki, bunu işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O bildirib ki, dəymiş ziyanın qiymətləndirilməsinə beynəlxalq ekspertlərin də cəlb olunması nəzərdə tutulur: "Hazırda 3 yasaqlıqda dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı işlər gedir. Nəticələr aidiyyəti dövlət qurumlarına təqdim edilir”.
Tədbirdə çıxış edən IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov deyib ki, işğaldan azad olunan ərazilərimizdə ilk olaraq təbii sərvətlərimizin vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.
Onun sözlərinə görə, bu ərazilərdə ETSN tərəfindən geoloji müxtəliflik, su ehtiyatları, meşələrin qorunması, coğrafiya və xəritəçəkmə sahələrində aparılan işlərdə gənclərin yaxından iştirakı nəzərdə tutulur: ”Bu layihənin məqsədi həmin ərazilərdə ekoloji zərərin dəqiq qiymətləndirilməsi, gənc ekoloqların təcrübəsinin artırılması, ekoloji terrora məruz qalan ərazilərin statistik məlumatların dünyaya çatdırılması və s.-dir. Ümid edirik ki, ekoloji ziyan qiymətləndiriləndən sonra bu ərazilərin bərpası həyata keçiriləcək. Azərbaycan gəncləri də bu məsələdə mühüm töhfəsini verəcək. Dünənki səfərimiz bu prosesin başlanğıc nöqtəsidir”.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev qeyd edib ki, işğaldan azad olunan ərazilərdə monitorinqlər üçün ən müasir cihazlardan ibarət səyyar laboratoriya əldə olunub. Onun sözlərinə görə, Şuşa və Hadrutla bağlı topoqrafik xəritə hazırlanır. Növbəti mərhələdə digər ərazilərlə bağlı da topoqrafik xəritələr yaradılacaq.
Qeyd edilib ki, işğaldan azad olunan ərazilərdəki qoruq və yasaqlıqların statusunun dəyişdirilməsi ilə bağlı da təkliflər var: "Mexanizmlərdə yeniləmə ola bilər. Yeni milli park və qoruğun yaradılmasından danışmaq tezdir. Oradakı qoruq və parkların bazasında yaradılması istiqamətində fikirlər var. Beynəlxalq ekspertlərin də fikirləri öyrənilir".
Bildirilib ki, indiyə kimi aparılan araşdırlamaların nəticələri ürəkaçan deyil. İşğaldan azad olunmuş ərazilərdə axan çay sularının tərkibində həyat üçün təhlükəli olan elementlərin miqdarı normadan çoxdur.
İslam Qədirli,
Əli Ələkbər
APA TV