ETSN restoranlarda növbəti reyd keçirdi

Bakıda bir neçə şadlıq sarayının manqallarına qoyulan məhdudiyyət aradan qaldırılıb.

 

APA TV-nin xəbərinə görə, bu barədə qərar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gün keçirdiyi növbəti monitorinq zamanı qəbul olunub.

 

Nazirliyin Departament direktoru Ramal Bağırov deyir ki, söhbət “Monte Karlo”, “Madonna” və “Piano” şadlıq saraylarından gedir. Onun sözlərinə görə, həmin şadlıq saraylarında bir neçə gün əvvəl keçirilən monitorinq zamanı təmizləyici qurğulara texniki xidmət göstərilməməsi, filtrlərin vaxtaşırı təmizlənməməsi müşahidə edilib. Bu zaman havaya normadan artıq tullantı atıldığına görə manqalların istifadəsinə məhdudiyyət qoyulub.

 

Nazirlik rəsmisi onu da bildirib ki, sözügedən obyekt sahibləri barəsində artıq protokollar tərtib edilib və manqallarından istifadəsinin məhdudlaşdırılması üçün qərar çıxarılıb. Qərarın icrasının təmin olunması məqsədilə sənədlər icra və probasiya şöbələrinə göndərilib: “Bu iaşə obyektlərinin sahibləri mövcud problemi artıq aradan qaldırdığından, onların manqal fəaliyyəti yenidən bərpa olunub. Amma bu da onların cərimədən azad olunması demək deyil. Əgər obyekt sahibləri cərimə olunmalarını, manqallarının bağlanmasını istəmirlərsə, daimi olaraq təmizləyici qurğuların filtrlərinə nəzarət edərək onların vaxtlı-vaxtında təmizlənməsini, dəyişdirilməsini təmin etməlidirlər. Təmizləyici qurğuların filtrlərinin vaxtaşırı dəyişdirilməsi mütləqdir, bundan sonra da havanı çirkləndirən iaşə obyektləri barədə məhdudlaşdırıcı tədbirlər görüləcək, araşdırma və monitorinqlər davam etdiriləcək".

 

Nazirliyik tərəfindən daha bir neçə şadlıq saraylarında və restoranlarda fəaliyyət göstərən manqallar bağlanılıb.

 

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Nizami rayonunda fəaliyyət göstərən "Cənnət" və "Qızıl Buta" şadlıq saraylarında manqalların bağlanması aparılan monitorinqlərin nəticəsinə əsaslanır. Hər hansı sahibkarın monitorinqlərin nəticəsi ilə bağlı iradı varsa, məhkəməyə və ya nazirliyə müraciət edə bilər. Monitorinq və reydlər bundan sonra da davam etdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv