ETSN və AQTA-dan xəbərdarlıq: koronovirusun Azərbaycanda yayılması riski var
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyi (AQTA) birgə məlumat yayıb.
AQTA-dan APA TV-yə verilən xəbərə görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatlarına əsasən, Çin Xalq Respublikasında baş vermiş və dünyanın bir sıra ölkələrinə yayılmış koronovirus epidemiyasının əsas səbəbkarı isti və soyuqqanlı heyvanlar, o cümlədən vəhşi heyvanlar və dəniz məhsulları hesab olunur. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı birlikdə virusun (2019-nCoV) heyvan mənşəli olduğu qənaətinə gəlib.
Əldə olunan təcrübəyə əsasən, koronovirusun vəhşi heyvanlar vasitəsilə yayılması riski ölkəmiz üçün də mövcuddur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edərək bildirir ki, ictimai-iaşə obyektləri, istirahət mərkəzləri və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılması qətiyyətlə yolverilməzdir.
ETSN və AQTA bir daha vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan vəhşi heyvanlarla (quşlarla) bağlı şübhəli hallar müşahidə etdikdə, Agentliyin regional bölmələrinə, yaxud “1003-Çağrı Mərkəzi”nə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar Xətt”inə məlumat verməyə çağırır.