Evdə müalicə olunan koronavirus xəstələri nələrə diqqət etməlidir? – HƏKİM MƏSLƏHƏTİ
“Koronavirus infeksiyasının əlamətləri müxtəlif insanlarda çox fərqlidir və bu, həm həkimləri, həm də xəstələri çox çaşdırır. Bəzən heç qızdırması olmayan xəstə çox ağırlaşır, bəzən qızdırması olan xəstə yüngül keçirir, bəzən də həm qızdırma, həm də ağırlaşma olur”.
Bunu APA TV-yə müsahibəsində həkim-radioloq Aydın Əliyev deyib.
O, təəssüflə qeyd edib ki, evdə müalicə alan koronavirus xəstələri qeyri-professional yönləndirilirlər: “Fərqli-fərli onlarla növ reseptlərə rast gəlirik. Orta ağır xəstələr var ki, normal düzgün müalicə nəticəsində yaxşılaşır. İkinci problem apteklərdəki dərman çatışmazlığıdır ki, evdə müalicə olunan xəstələr lazımi dərmanları ala bilmir, onun sağalma prosesi çətinləşir. Sağalma prosesi çətinləşəndə o xəstə yoluxdurucu olduğuna görə digərlərini də yoluxdurur”.
Mütəxəssisin sözlərinə görə, KT müayinəsində buzlu şüşə mənzərəsi 30%-dən çoxdursa, xüsusən yanaşı xəstəliyi olan xəstə mütləq stasionar müalicə almalıdır. Belə olan təqdirdə, mütləq şəkildə təcili yardım və qaynar xətlərə davamlı zəng edib stasionar müalicə tələb etmək vacibdir.
Aydın Əliyev deyir ki, yüngül şikayətləri olan, yanaşı xəstəliyi olmayan və xəstəliyin əlamətlərinin təzahüründən xəstəliyin 5-ci və 12-ci günlərində KT müayinəsində 5-10%-ə qədər buzlu şüşə mənzərəsi olan şəxslər qəti panik olmalı deyillər.
Həkim qəti surətdə antibiotiklər, deksametazon və damardaxili inyeksiyalar-sistemləri etməməyi məsləhət görür. Çünki belə olan halda xəstəlik ciddi şəkildə ağırlaşdıra bilər: “Ciddi şikayətləri olmayan, xəstəliyi ağır keçirməyən və yüngül dəyişikliyi olan bir çox insanlar var ki, onlar KT müayinəsində 5-10 faiz buzlu şüşə görən kimi, az hərarəti olan kimi növbənöv antibiotiklər, dekzametazon və s.-lə vəziyyətlərini ağırlaşdırırlar”.
Hərarəti olmayan xəstələrə gəlincə, Aydın Əliyev qeyd edib ki, hərarətin olub, olmaması xəstəliyin ciddiliyindən xəbər vermir: “Əgər insan zəng edib test vermək üçün təcili yardım çağırırsa, mütləq götürülməlidir. Çünki qızdırmasız da ağırlaşan və bundan həyatını itirən xəstələr var. Bir qisim insanlar var ki, onların heç bir şikayəti yoxdur. Yoluxublar, analizləri pozitiv çıxıb, heç bir ağırlığı yoxdur. Bu insanların heç bir müalicəyə ehtiyacı yoxdur. Amma özünü karantinə almalıdır. Şikayəti olmayan insanların başqalarını yoluxdurma ehtimalı azdır. Bu, ÜST-ün də tövsiyəsində elan edilib”.
Yanaşı xəstəlikləri olan şəxslər hər hansı şikayətlər - başağrısı, boğaz ağrısı və qıcıqlanması, burun tutulması, burun axması, öskürək, döş qəfəsində ağrı və ağırlıq hissi, təngnəfəslik, boğulma, hava çatışmazlığı, kürək ağrıları, bəzən ishal-diareya, əzələ-oynaq ağrıları, halsızlıq, iştahasızlıq, hərarətin yüksəlməsi, ürəkbulanma, qusma və s. oxşar şikayətlər zamanı ilk növbədə COVID-dən şübhələnməli, burun-udlaqdan və ağız-udlaqdan (boğazdan-əsnəkdən, burundan) yaxma-sıyrıntı-test analizi verməlidir.
“Bəzən KT müayinəsində 50%-dən çox buzlu şüşə görüntüsü olan xəstənin belə şikayəti az olur” - deyən Aydın Əliyev bildirib ki, belə xəstələrdə qəfləti ağırlaşma və ölüm baş verə bilir.
Pandemiya dövründə virusa yoluxma şübhəsi olanları nəzarətdə saxlamaq üçün ən çox istifadə olunan metod saturasiya - qanda oksigen miqdarının ölçülməsidir: “Ən azı şikayəti varsa, dərhal yoxlanmalıdır. Çünki klinik gedişlər müxtəlifdir. Az da olsa şikayəti varsa, saturasiya testindən keçməlidir. Qanda oksigenin miqdarı 92 dən aşağıdırsa, artıq həmin xəstə yoxlanmalıdır”.
Saturasiya 94-100 faiz arasında olanda normal sayılır. 94 faizdən aşağı göstərici nəfəsalmada, qanın oksigenlə təminatında problem olduğunu göstərir.
Yeri gəlmişkən, bu cihazlar apteklərdə satılır. Eyni zamanda mobil telefonlar, eləcə də “ağıllı saatlar”ın da pulsoksimetr funksiyaları var. Yəni cihaz olmadan da saturasiyanı təyin etmək mümkündür.
Koronovirusla müalicə zamanı, ümumiyyətlə, xəstəliyin dinamikası artdığı halda, dieta saxlamaq məsləhət görülmür. Bundan başqa, özbaşına vitamin D və digər vitamin qrupuna aid, immun sisteminin yaxşılaşdırılması üçün atılan həblər orqanizmə əlavə problem yarada bilər.
Bol maye qəbul etmək, vaxtında qidalanmaq və yuxu sisteminə nəzarət etmək vacibdir.