Evdə nəzarətsiz qalan 2 azyaşlı tüstüdən boğularaq öldü – EVDƏ YANĞIN TÖRƏTDİLƏR
Şirvanda yataqxanada mənzildə baş verən yanğın zamanı 2 azyaşlı tüstüdən boğularaq ölüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə avqustun 30-da gecə saat 1.00 radələrində Şirvan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən yataqxananın mənzillərindən birində qeydə alınıb. Şəbnur Vəliyevaya məxsus mənzildə baş verən yanğın zamanı evdə nəzarətsiz qalan 2 yaşlı Araz Pünhan oğlu Vəliyev və 5 yaşlı Eldar Pünhan oğlu Vəliyev tüstüdən boğularaq ölüblər.
Qeyd edilir ki, yanğına evdə nəzarətsiz qalan azyaşlılar səbəb olub. Ehtimala görə nə etdiklərini anlamayan azyaşlılar kibritlə ehtiyatsız davranaraq yanğın törədiblər. Özləri də otaqda yanan sintetik materiallı divanın tüstüsündən boğularaq ölüblər. Qonşular evə daxil olan zaman artıq gec olub. Hər iki azyaşlını ölmüş vəziyyətdə aşkar ediblər.
Kameraya danışmaq istəməyən qonşular azyaşlıların anasının yüngül həyat tərzi keçirdiklərini bildirdilər. Məhz uşaqların da nəzarətsiz qalmasına, ananın gecə vaxtı evdə olmaması dəhşətli faciənin baş verməsinə zəmin yaradıb. Azyaşlıları gecə yarısı evdə nəzarətsiz qoyan və bilavasitə onların ölümündə günahkar olan ana kameramıza danışmaqdan imtina etdi, çəklişə icazə vermədiyini bildirdi.
Hadisə yerinə Şirvan Yanğından Mühafizə xidmətinin yanğınsöndürənləri cəlb olunub, yanğını lokalaşdırıb və qonşu mənzillərə keçməsinin qarşısı alınıb.
Hazırda faktla bağlı Şirvan şəhər prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.