Evdə partlayış oldu, beş nəfər dağıntılar altında qaldı - MASALLIDA
Masallıda evdə baş verən partlayış nəticəsində ikisi azyaşlı olmaqla beş nəfər yanıq xəsarətləri alıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə səhər saatlarında rayonun Təzə Alvadı kəndində baş verib.
Belə ki, 3 otaqlı yaşayış evində yanğınla müşahidə olunmayan partlayış zamanı evin konstruksiyaları tamamilə dağılıb.
Partlayışın gücündən yaxınlıqda yerləşən evlərin pəncərələrinin şüşələri sınıb, tikililərin divarlarında çatlar əmələ gəlib.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri dağıntılar altından ikisi azyaşlı olmaqla beş nəfəri yaralı halda çıxarıblar.
Ev sahibinin Əlifağa Şükürov deyir ki, hadisə səhər saatlarında baş verib: “Mənim yeznəmin evidir bu. Səhər saat 7 tamam idi, yatmışdıq. Elə bildik bomba partlayıb, səsə çıxdıq, gördük ki, ev dağılıb. Qaçdıq bunları çıxarmağa, hərəsi bir tərəfdə beton düşüb üstlərinə”.
Ev sahibinin qardaşı Elman Qədiyev isə partlayışın çox güclü baş verdiyini bildirir: “Mənim yuxarı çıxmağım 2 dəqiqə çəkmədi, bir də gördüm gurultu var. Mən də gəldim. Tez tullandım, dedim birdən maşın partlayıb, pəncərədən baxdım ki, yox. Gördüm ev yoxdur. Yoldaşımı çağırdım ki, ev uçdu, İntiqamın evi dağıldı. Qızla körpəni güclə oradan çıxarmışıq. Ata, ana, bir qızdır, iki övladı”.
Bədbəxt hadisə nəticəsində bir ailənin üzvləri - Şəlalə Eyvazova, onun 4 və 2 yaşlı övladları Cahid ilə Zəhra, eləcə də 1968-ci il təvəllüdlü İntiqam Qədiyev və 1975-ci il təvəllüdlü Sevinc Qədiyeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar əvvəlcə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə, daha sonra isə vəziyyətləri ağır olduğu üçün paytaxtdakı xəstəxanalarından birinə göndəriliblər.
Həkim Sənan Rzayev yaralıların iksinin vəziyyətinin ağır olduğunu deyir: “Daxil olarkən xəstələrin ikisi çox ağır, üçü orta-ağır qiymətləndirilmişdir. Xəstələrdə II-III dərəcəli yanıqlar müşahidə olunmuşdur. İkisi uşaq, üçü böyükdür”.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri baş verən hadisə ilə bağlı birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə yerinə prokurorluq və polis əməkdaşlarının, Fövqəladə Hallar və Energetika nazirliklərinin, “Azəriqaz” İstehsalat Birliyinin mütəxəssislərinin, habelə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin iştirakı ilə baxış keçirilib.
İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
Faktla bağlı cinayət işi başlanıb, iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Tural Kərimov
Rövşən Əzimov
APA TV