Evdən 15 min manatlıq qızıl oğurladı, 6 min manata satdı

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində rayon ərazisində yerləşən evlərdən birindən dəyəri 15 min manat olan qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

 

DİN-dən APA TV-yə verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Vüsal Rzayev tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı onun qızıl-zinət əşyalarını dəyər-dəyməzinə, yəni 6000 manata sataraq şəxsi ehtiyacları üçün xərclədiyi məlum olub.

 

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə rayon ərazisində silsilə oğurluqlar edən, əvvəllər də məhkum olunmuş Orxan Hüseynov saxlanılıb. Onun Yeni Yasamal ərazisində yeni tikilməkdə olan binalarda usta işləyən şəxslərin təmir-tikinti alətlərini, həmçinin qeyd edilən ərazidə yerləşən mağazalardan birindən pul və tütün məmulatları oğurladığı məlum olub.

 

Qeyd edilən faktlarla bağlı Vüsal Rzayev və Orxan Hüseynov barəsində araşdırmalar davam etdirilir.


 

Müəllif | Apa.Tv
Apa.tv