Evdən oğurluq edən dəstə üzvləri yaxalandı – ZAQATALADA ƏMƏLİYYAT

Zaqatalada evdən oğurluq edən dəstə zərərsizləşdirilib.

APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Göyəm kənd sakini ona məxsus evdən qızıl-zinət və pulun oğurlanması barədə məlumat verib.

Hadisə yerinə baxış zamanı evdən 2000 manat dəyərində qızıl-zinət əşyalarının və 450 manat dəyərində pulun oğurlandığı müəyyən edilib.

Keçirilən əməliyyat nəticəsində oğurluğu Qax rayon sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ziviadi Zurabaşvili və Dima Lomaşvilinin törətdiyi məlum olub. Onlardan Ziviadi  Zurabaşvilinin yeri müəyyən olunaraq saxlanılıb.

İstintaq zamanı məlum olub ki, oğurluğu tərədən şəxslərin evə girməsində zərərçəkmişin qohumu Şükufə Hacıyeva və onunla qeyri-rəsmi münasibətdə yaşayan Dima Lomaşvilinin qardaşı Eristo Lomaşvili yardımcı olublar.

Belə ki, Şükufə Hacıyeva ev sahiblərinin evdə olmaması barədə Eristo Lomaşviliyə, o isə Ziviadi Zurabaşvili və Dima Lomaşviliyə məlumat verib.

Əməliyyat tədbiri nəticəsində Şükufə Hacıyeva və Eristo Lomaşvili də polis əməkdaşları tərəfindən saxlanılıb.

Oğurlanan qızıl-zinət əşyalarının bir qisminin dəyərindən ucuz qiymətə satıldığı müəyyən edilib və həmin əşyalar maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, Dima Lomaşvilinin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv