Evdən qaçan qızın sonrakı aqibəti necə olur?

Son zamanlar “Evdən qaçan qadın tapılaraq ailəsinə təhvil verildi” başlıqlı xəbərlərə çox rast gəlirik. Bu cür hadisələrdən sonra isə istər-istəməz bir sual ortaya çıxır: qadın qaçdığı evə zorla niyə qaytarılır ki? Axı insan öz evindən boşuna qaçmaz…

 

Klinik psixoloq Elmir Əkbər də hesab edir ki, qadınların evdən qaçmasının arxasında ciddi səbəblər var. Onun fikrincə, bu hərəkət qadınların ailələrinə və onları başa düşməyən cəmiyyətə qarşı üsyan və ya etiraz xarakteri daşıyır.

 

Psixoloqun sözlərinə görə, evdən qaçan qadın evlidirsə, başda ailəsi olmaqla, ətrafındakılar onu dinləməli, problemini aydınlaşdırmalı və ona dəstək olmalıdır. Əks təqdirdə qadın psixoloji tərəddüdə düşə, hətta özünə zərər yetirə bilər.

 

Problemin ikinci hissəsi isə qadının qaçdıqdan sonra tapılıb ailəsinə təhvil verilib, verilməməsidir.

 

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov deyir ki, qadın evdən qaçdıqda o, müvafiq axtarış əməliyyat tədbirləri tapılır: “Əgər yetkinlik yaşına çatıbsa onun qərarı əsas götürülür. əgər azyaşlıdırsa o ailəsinə təhvil verilir. Və ailə nəzarətə götürülür”.

 

Problemin üçüncü hissəsi isə qaçan qadın və ya azyaşlı tapıldıqdan sonrakı mərhələ ilə bağlıdır. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Tural Hüseynzadə bildirdi ki, evdən zorakılığa məruz qalaraq və ya digər səbəblərdən qaçmış azyaşlı qızlar tapıldıqdan sonra Komitə tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacaqların birinə müvəqqəti olaraq yerləşdirilir. Yeniyetmə ilə psixoloji söhbət aparılaraq, zorakılığın növü, evdən qaçma səbəbi müəyyən edilir. Sonra yerli icra hakimiyyətindəki Gender Zorakılığı və Uşaqlara qarşı Zorakılıq üzrə monitorinq qrupu, yəni sosial işçi, psixoloq və lazım gəldikdə hüquqşünas evdən qaçan azyaşlının ailə üzvləri ilə söhbət aparır. Söhbətin nəticəsinə uyğun olaraq, sığınacaqda olan azyaşlının ailəsinin himayəsinə təhvil verilib, verilməməsi müəyyən edilir və azyaşlı geri qaytarılarsa, ailə profilaktik nəzarətə götürülür. Həftə ərzində müvafiq icra hakimiyyəti orqanı nümayəndəsinin və yaxud da polisin ailəyə ziyarəti, onların psixoloji durumunun yoxlanılması həyata keçirilir.

 

Həmsöhbətlərimizin dediklərindən də belə qənaətə gəlirik ki, qadınların və azyaşlı qızların evdən qaçma səbəbləri əsasən zorakılıq halları ilə bağlıdır. Qadınlarımızın isə istədiyi şeylər çox sadədir: Sevilmək və qorunmaq!

Müəllif | Apa.Tv
Apa.tv