Everesti fəth edən ilk azərbaycanlı İsrafil Aşurlu dünyanın diqqət mərkəzindədir
Bu gün Dünya mətbuatı Everesti fəth etmiş ilk azərbaycanlı alpinist İsrafil Aşurlunun qəhrəmanlığından yazır. O, qəhrəmanlıq ki, Nanqa-Parbat zirtvəsində iki turistin həyatı xilas edib. Bunun üçün isə İsrafil Aşurlu öz məqsədini ikinci plana, həyatını da təhlükəyə atıb. Belə ki, həmyerlimiz Himalay silsiləsindəki dünyanın 9-cu ən hündür zirvəsi olan 8126 metrlik Nanqa – Parbat zirvəsinə qalxarkən 7300 metr hündürlükdə ölüm təhlükəsi qarşısında köməksiz vəziyyətdə qalmış 2 alpinistlə rastlaşıb. İsrafil onları xilas etmək üçün zirvə təkanını dayandırıb. Onları baza düşərgəsinə daşımağa başlayıb. Alpinistlərdən birinin – polşalı Pavel Kopetsin vəziyyəti çox ağır olduğundan, əfsus ki, yolda keçinib. Görmə qabiliyyətini müvəqqəti itirmiş digər alpinist - pakistanlı Asif Bhattini isə düşərgəyə çatdırmaq mümkün olub və onun həyatı xilas edilib. İsrafil Aşurlu ilə əlaqə saxlayıb, fikrilərini öyrənmək istədik. Amma telefonuna köməkçisi cavab verdi və hazırda qəhrəman alpinistin ölkə xaricində olduğunu bildirdi. Etsə də,etməsə də O bizim qəhrəmanımızdır. Özü də bu, həmyerlimizin ilk xilasetmə işi deyil. O, Türkiyədə baş verən zəlzələlə zamanı dağıntılar altında qalanların xilas olunması prosesində də fəal iştirak edib. Azərbaycanın alpinist komandası ilə Ərzurum Beynəlxalq Buzadırmanma festivalına qatılan İsrafil Aşurlu bir gün sonra İzmirə yola düşəcəkmiş. Amma Türkiyənin bir neçə şəhərində zəlzələnin baş verdiyini öyrəndikdən sonra könüllü olaraq türk alpinistlərindən ibarət dəstəyə qoşulub. Fəalkət zonasına yollanan “qar bəbiri”miz burada onlarla insanın həyatını xilas edib. Azərbaycan Alpinist Klubunun təsisçisi, Azərbaycan Alpinizm Federasiyasına baş katibi İsrafil Aşurlu üçrəngli bayrağımızı fəth etdiyi bütün zirvələrdə dalğalandırıb. Aşurlunun fəth etdiyi sayca altıncı səkkizminlik zirvə isə Nepalda yerləşən Makalu zirvəsi idi. Hündürlüyü 8 min 485 metr olan Makalu səkkizminlik zirvələr arasında ən çətin fəth olunanlardan sayılır. Ümumiyyətlə İsrafil Aşurlu 2007-ci ildə Everest (8848 m), 2009-cu ildə Qələbə (7439 m), 2011-ci ildə Kançencanqa (8586 m), 2019-cu ildə isə Lxotze (8516 m) və Manaslu (8163 m) zirvələrinə çıxıb, keçmiş SSRİ-nin beş ən hündür zirvəsinin hamısını fəth edərək "Qar bəbir" fəxri adını qazanan ilk azərbaycanlıdır. Bizə yalnız həmyerlimizə uyğun iqlim arzulmaq qalır ki, yeni zirvələrin fəthinə maneə olmasın. AYTƏN SAKİTQIZI APA TV