Evlərdən və dönərxanadan oğurluq edənlər yaxalandı – BİNƏQƏDİDƏ ƏMƏLİYYAT
Binəqədidə mənzillərdən birindən oğurluq edilib. Naməlum şəxs evə daxil olaraq dolabdan qızıl-zinət əşyaları və 2 ədəd mobil telefon oğurlayıb.
DİN mətbuat xidmətindən verilən məlumata görə, rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Müəyyən edilib ki, oğurluq hadisəsini törədən şəxs 2-ci mərtəbədə yerləşən mənzilə pəncərəni qıraraq daxil olub.
Bölmə əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan paytaxt sakinləri Oruc Ağayev və İlkin Salayev tutulublar.
Araşdırma zamanı onların Binəqədidən başqa paytaxtın digər ərazilərində də çoxsaylı oğurluq etdikləri məlum olub.
Qeyd edək ki, bu şəxslər yetkinlik yaşına çatmadıqlarından onların üzünü sizə təqdim edə bilmirik.
Həyata keçirilən digər əməliyyat nəticəsində Süleyman Sani Axundov küçəsində yerləşən dönər satışı məntəqələrindən birindən 800 manat və bir ədəd, dəyəri 900 manat olan qril aparatı oğurlayan şəxs də saxlanılıb.
Əməliyyat zamanı saxlanılan Gəncə şəhər sakini, keçmiş məhkum Nəsir İsmayılovun əvvəllər qeyd edilən dönər satışı məntəqəsində işlədiyi məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.