Evlərin damı uçdu, ağaclar və elektrik dirəkləri aşdı – ŞƏMKİRDƏ GÜCLÜ KÜLƏK
Şəmkirdə küləklə müşahidə olunan güclü yağış fəsadlar törədib.
APA TV-nin yerli bürosunun məlumatına görə, ötən gecə baş verən təbiət hadisəsi nəticəsində rayon mərkəzində, Qaracəmirli, Qapanlı, Yeniabad və Təzəkənd kəndlərində təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan dəyib.
Rayonda yerləşən bazarların birinin dam örtüyünü gördüyünüz kimi külək dağıdıb, yararsız hala salıb. Hətta dam örtüyü bir neçə avtomobilin üzərinə aşıb. Məlumata görə, analoji hadisə rayonun bir neçə kəndində qeydə alınıb.
Güclü küləyin törədiyi fəsaddan ziyan çəkənlərdən biri də Qaracəmirli kənd sakini, 4 uşaq anası Esmira Əhmədovadır. Müsahibimiz deyir ki, ötən gün axşam saatlarında qəfildən külək başlayıb və təxminən 5-10 dəqiqə davam edib.
Təbiət hadisəsi zamanı sözügedən kəndlərdə evlərin və tövlələrin dam örtüyü uçub, istixanalar dağılıb, meyvə-tərəvəz məhsulları yararsız hala düşüb. Hətta rayonda “Səbət Bazarı”nın damı uçaraq avtomobillərin üzərinə düşüb. Bundan başqa, kəndlərdə ağaclar, elektrik və rabitə dirəkləri aşıb, naqilləri sıradan çıxıb.
Sakinlərin sözlərinə görə, külək evlərin damını uçurtduğundan yağış suları evlərə dolub.
Hazırda rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları təbii fəlakətdən zərər çəkən kəndlərdə araşdırma aparır və əhaliyə dəymiş ziyanı hesablayırlar. Komissiyasının üzvü Mehrab Məmmədov deyir ki, ilkin hesablamalara görə, güclü külək rayonun 24 yaşayış məntəqəsində fəsadlar törədib. Bu istiqamətdə hesablamalar davam etdirilir.
Xatırladaq ki, təbii fəlakət nəticəsində rayon mərkəzində və kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Hazırda elektrik enerjisinin verilməsinin bərpası istiqamətində işlər görülür.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV