“Əziz ata, mən sənin üçün darıxmışam” – ŞƏHİDİN CİBİNDƏN ÇIXAN QANLI MƏKTUB
Azərbaycan əsgəri canı-qanı bahasına 30 il gözlədiyimiz müqəddəs qələbəni qazandı. Milli Azərbaycan Tarixi Muzeyi bu zəfəri yaşatmaq və gələcək nəsillərə ötürmək üçün Vətən Müharibəsində iştirak edən zabit və əsgərlərimizə, şəhidlərimizə məxsus xatirə əşyalarının qəbulunu elan edib.
APA TV xəbər verir ki, muzeydə müharibə iştirakçılarından, şəhidlərimizdən xatirə qalan hərbi geyimlər, fəxri fərmanlar, döyüş zamanı istifadə etdikləri əşyalar toplanılır.
Həmin əşyalar arasında şəhid mayor Toğrul Bərxudarovun ailəsi tərəfindən yazılmış, cibində saxladığı və onun öz qanına bulaşan məktubu da var.
Əziz ata, mən sənin üçün darıxmışam. Nə vaxt gələcəksən? Səni çox sevirəm”. Bu məktubu oğlu Əli atası, Vətən Müharibəsi iştirakçısı, şəhid mayor Toğrul Bərxudarova yazmışdı.
Muzeyin elmi işçisi Şəfa Mövsümov deyir ki, qəhrəmanlarımızın muzeyə təhvil verilən əşyaları yaxın zamanda “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgidə nümayiş etdiriləcək: “Sərgini keçirməkdə əsas məqsəd Vətən Müharibəsində göstərilən rəşadəti təbliğ etməkdir. Fonda daxil olan materiallar muzeyin əməkdaşları ilə birlikdə tədqiq edilib və inventarlaşdırılıb. Biz şəhid ailələrinə, qazilərə və Vətən Müharibəsi iştirakçısı olmuş insanların yaxınlarına müraciət edirik ki, onlar Milli Azərbaycan Tarixi Muzeyində yaradılmış Vətən Müharibəsi fonduna həmin materialları daxil etsinlər. Bu materiallar fondda daimi saxlanılacaq. Bunların saxlanılmasının əsas məqsədi onların hər il sərgilərdə nümayiş etdirilməsi, fonddakı bu materiallar əsasında gələcəkdə tədqiqat aparılması, şəhid və qazilərimizin döyüş yolları ilə bağlı istər yaşlılar, istərsə də gənclər arasında təbliğatı genişləndirməkdir”.
Qəhrəmanlıq tariximizin muzeydə qorunan nümunələri arasında Xudayar Yusifzadəyə, Ruslan Tağıyevə, tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayevə məxsus geyimlərlə yanaşı, 2020-ci il Tovuz döyüşləri zamanı vətənin müdafiəsi uğrunda şəhid olan Milli qəhrəmanlarımız Polad Həşimov və İlqar Mirzəyevə aid hərbi geyimlər də yer alıb.
Ermənilərin istifadəsi qadağan olunmuş, dinc əhalini hədəf almaq üçün atdığı “Smerç” tipli raket, əl qumbaraları və minaların qalıqları da muzeydə saxlanılır: “Torpaqlarımızın işğaldan azad olunması prosesi zamanı müxtəlif dövlət qurumları tərəfindən muzeyimizə müəyyən materiallar təhvil verilib. ANAMA, DTX, DİN tərəfindən ələ keçirilmiş hərbi materiallar, partlamamış döyüş sursatları, qəlpələr də bizim fonda daxil edilib”.
Tariximizin hüznlü, eyni zamanda işıqlı səhifələrini xatırladan bu əşyalara baxdıqca, gələcək nəsillər döyüş meydanında dastan yazan igidlərimizin vətən sevgisinin, əzminin daha yaxından şahidi olacaqlar. Bir neçə ay əvvələ qədər sıradan bir əşya statusunda olan bu əşyalar artıq Azərbaycan tarixinin, şanlı hərb tariximizin qiymətli eksponatına çevriliblər.
Fatma Zahidqızı
Əli Ələkbər
APA TV