Əziz Sancar erməni terrorunun qurbanı olan Xədicənin təhsil xərcləri üçün yardım etdi
Kimya üzrə Nobel mükafatının qalibi, ABŞ-ın Şimali Karolina ştatında yaşayan Türkiyə əsilli, dünyaca məşhur alim Əziz Sancar Ermənistanın Gəncəyə atdığı raket nəticəsində hər iki valideynini itirmiş Xədicə Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə yaradılan bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Əziz Səncər Xədicənin həyatında baş verən bu faciəvi hadisədən kədərləndiyini və müharibədən əziyyət çəkmiş bu kimi uşaqların yüksək səviyyədə təhsil almaları üçün müvafiq təhsil fondlarının yaradılmasının faydalı ola biləcəyini vurğulayıb.
Çəkiliş qrupumuz Samux rayonunun Seyidlər kəndində Xədicənin ana nənəsigildə olub. Yaxınları deyir ki, maddi yardımları geri çevirsələr də bu Xədicənin təhsili üçün olduğundan yox deyə bilmirlər.
Xatırladaq ki, ermənilər tərəfindən Gəncəyə atılan raket zərbəsi nəticəsində Xədicənin atası 29 yaşlı Röyal Şahbazlı, anası 26 yaşlı Züleyxa Şahbazlı və onun yaş yarımlıq bacısı Mədinə şəhid olublar.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV