“Fast food” restoranlarının məşhur sirri – Çin duzu təhlükəsi

 

Çin duzu - “fast food” restoranlarının məşhur sirri… Bəlkə də bu günə kimi eşitdiyimiz, lakin haqqında məlumatsız olduğumuz qida əlavəsi. Əsasən də “fast food” sevənlərin ağız dadı… Ekspertlər deyirlər ki, Çin duzu qəbul etdiyimiz qidalarda 5-ci dad yaradır. Bu maddəni mütəmadi qəbul edən kəs acdıqda da ev yeməyi istəmir. Ona görə “fast food” yerlərində müştəri sayı gündən günə artır. Bu asılılığa isə ən çox uşaqlar düşür. Bakıda bir neçə “fast food” hazırlanan məkanlara baş çəkdik. “Çin duzu”ndan istifadə edib-etmədiklərini soruşduq. Cavabları isə belə oldu… Qida məsələləri üzrə ekspert İlqar Şamilov deyir ki, Çin duzu əsasən xaricdən gətirilən məhsullarda olur. Belə ki, bu maddə “Monosodyum glutamat E 621” kodu ilə tanınır. Umami - yəni 5-ci dad verən bir maddədir. Turş, acı, şirin, duzlu - 4 dadı birləşdirib 5-cini ortaya çıxarır. Terapevt Sübhan Hacıyevin sözlərinə görə, “Monosodyum glutamate” Asiya və Şərqdə daha çox istifadə olunur. Bir çoxları Çin duzunun əslində böyrək, qaraciyər çatışmazlığı, hormonal pozuntu yaratmasından, gözün torlu qişasına ciddi təsir etməsindən, hətta görmə qabiliyyətini poza bilməsindən xəbərsizdir. Çin duzunun Amerika, Avropa Birliyi və Türkiyənin qida kodekslərinə görə istifadəsinə icazə verilir. Lakin istifadə zamanı sinə, üzdə qızarıqlıq, nəfəs darlığı, ödəm və tərləməyə səbəb olduğu bilinir. Hətta yeni doğulan körpələrdə öyrənmə və yaddaş mexanizmində pozulmalara yol açdığı, böyüklərdə sonsuzluq, epilepsiya kimi xəstəliklərə səbəb olduğu məlumdur. Onu da əlavə edək ki, “Monosodyum glutamat” ilk dəfə 1908-ci ildə yapon kimyagər İkeda Kikyne tərəfindən bir dəniz yosunundan əldə edilib. İkeda bu yeni dadı Yaponiyada “Ləzzətli” mənasına gələn “Umami” adlandırıb. Tərkibində normal süfrə duzundan daha az natrium olan bu maddə duzla reaksiyaya girərək ləzzətin artmasına təsir edir.

AYTƏN SAKİTQIZI

FARİZ QULUYEV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv