Fatehlərimiz “Yeni klinika”da xatırlandılar - APA TV
Bakıda "Yeni Klinika" tibb müəssisəsində Zəfər Gününə həsr edilmiş "Zəfərin fatehləri"adlı tədbir keçirilib.
Vətən Müharibəsinin ildönümünə həsr olunan tədbirin məqsədi İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş hərbçilərimizi, mülki vətəndaşlarımızı, həkimlərimizi anmaq, işğaldan azad edilmiş torpaqlarımızın qayıdışını və qarşıdan gələn qələbəmizi qeyd etməkdir.
“Yeni Klinika” tibb müəssisəsinin direktoru vəzifəsini icra edən baş həkim Cavid Paşayev açılış nitqində Vətən Müharibəsində qazanılan zəfərin 2-ci ildönümü münasibətilə hər kəsi təbrik edib.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, 44 günlük müharibə ərzində yeni klinikanın təxliyə olunmuş yaralıların müalicə alması ilə bağlı ciddi tədbirlər həyata keçirilmişdir: “Onu bildirmək istəyirəm ki, Təbib tabeliyində olan tibb müəssisələrinin Azərbaycan ordusunun yerləşməsinə görə təxliyə planları hazırlanmışdır. Və təxliyə planlarında 40-dan çox müəssisə bu işə cəlb olunmuşdur. Və 6050 çarpayı fondu yaralıların təxliyəsi üçün, yaralılara tibbi yardımın təşkili üçün tam mütəşəkkil şəkildə təşkil olunub. Çox təəssüf ki, bu müharibə dövründə 42 şəhidimiz oldu tibb işçisi olaraq. Onların içində həkim, orta tibb işçisi, feldşerlərimiz, sanitarlarımız da var idi. Vacib olanı ölkə olaraq, Cənab Ali Baş Komandanın ətrafında birləşərək torpaqlarımızın azad olunması üçün kimin boynuna nə yük düşürdüsə, kimin nə məsuliyyəti var idisə həmin məsuliyyəti tam şəkildə həyata keçirdi”.
Tədbirdə “TƏBİB”in icraçı direktoru Vüqar Qurbanov, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov, millət vəkilləri, qazilər, şəhid ailələri, klinika əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin bədii hissəsində isə "Zəfər Günü" ilə bağlı tanıtım filmi, eləcə də gənc rəssamların əsərləri təqdim olunub.
ƏFSANƏ RƏCƏB
CEYHUN MUSTAFAYEV
APA TV