Fazil Mustafa: “Cərimələrin artırılması iş yerlərinin bağlanmasına səbəb ola bilər”

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.

 

APA TV-nin məlumatına görə, iclasın gündəliyinə 16 məsələ daxil edilib.

 

İclasda əmanətlərin qaytarılmasının təmin edilməsi qaydası üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əskini tapıb.

 

Eyni zamanda üçüncü oxunuşda müzakirəyə çıxarılan “Əmanətlərin sığortalanması haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, əmanətlər üzrə kompensasiya məbləği 3 dəfə artırılıb.

 

Həmçinin Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsinə dair qanunun qüvvədə olma müddəti aradan qaldırılıb.

 

Özəl sektorda fəaliyyət göstərən bütün tibb müəssisələrinin koronavirusla mübarizəyə cəlb edilməli olduğunu deyən deputat Musa Urud bildirib ki, bunu məcburi etmək olmaz: “Amma müxtəlif həvəsləndirici tədbirlərlə bunu etməliyik. Açıqlama vermişdilər ki, bir xəstəyə gündəlik 100-150 manat xərclənir. İcbari Tibbi Sığorta Agentliyi özəl müəssisələrə 200 manat ödəyə bilər. COVID-19 xəstələrini xəstəxanaya yerləşdirməliyik”.

 

Deputat Fazil Mustafa epidemiya əleyhinə rejimin pozulması ilə bağlı cərimələrin artırılmasının hüquqi və vəzifəli şəxslərə çox təsir etməyəcəyini deyib: “Belə etdikcə onlar bütün iş yerlərini bağlamağa məcbur olacaqlar. Artıq Türkiyədə və digər ölkələrdə kirayə haqlarının ödənilməsinə kömək göstərirlər. Biz bu cərimələri artırmaqla əhalinin xeyli həssas hissəsinin narazılığını artırmış olacağıq. Cəriməni artırmaq əvəzinə, nəzarəti artırmaq lazımdır”.

 

Deputat Razi Nurullayev isə qeyd edib ki, vəzifəli və hüquqi şəxslər üçün cərimələrin artırılması müsbət hal deyil: “Qaydanı pozanlar adətən arxalı və imkanlı adamlar olur. Hansısa çayxana işlədənə o qədər cərimə yazmaq onun evini yıxmaq anlamına gəlir. Biz əvvəlcə belə şəxslərə xəbərdarlıq etməliyik. Vətəndaşlardan xahiş edirəm ki, qaydalara əməl etsinlər”.

 
Deputat Tahir Kərimli isə cəzaların sərtləşdirilməsinin qayda pozuntularının, cinayətlərin qarşısını almadığını bildirib: “İlk baxışdan insanlara sərt cəza verməkdən çəkinmək lazımdır. Xəstəliklə bağlı hamımızda əsəbilik var. Cəzaların sərtləşdirilməsi məsələsinə məcburi gedirik. Amma xalqa münasibətdə bunu nəzərə almalıyıq. Çünki bəziləri bundan möhtəkirlik kimi də istifadə edirlər”.

 

Müzakirələrdən sonra epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılıb.

 

Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclası dekabrın 22-də keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv