Fazil Mustafa: “Cümhuriyyət şəhidlərinin xatirəsi əbədiləşdirilsin!”
Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib.
APA TV-nin xəbərinə görə, gündəliyə 28 məsələ ilə yanaşı, İnsan hüquqları komitəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatı da daxil edilib.
İclası açan spiker Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin yaranmasının 100-cü ildönümü münasibətilə Türkiyə parlamentinin sədri ilə telefonla danışdığını və Milli Məclis adından Türkiyə Böyük Millət Məclisinə təbrik ünvanladığını bildirib.
Daha sonra iclasın gündəliyində cari məsələlər müzakirə edilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Ermənistan Xarici İşlər nazirinin son bəyanatı ilk təxribat deyil: “Ermənistan əlindən gələni edib ki, status-kvo qalsın. Bunlar prezidentlərini belə devirib, parlamentlərini güllələyib, insanlığa qarşı bütün cinayətləri ediblər, təki işğal olunmuş torpaqları saxlasınlar, status-kvo dəyişməsin. Bu da baş tutmayanda danışıqlardan qaçıblar. Parisdə Köçəryan danışıqlarda 5 dəqiqə fasilə istəyib, təyyarəyə minib qaçmışdı. Təəssüf ki, bu gün Paşinyan həmin siyasəti başqa yolla davam etdirir”.
Səməd Seyidov Xarici İşlər Nazirliyinin nümayəndələrinin dəvət edilərək, Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda parlamentin komitələrində müzakirələr keçirilməsini də təklif edib. Spiker Sahibə Qafarova isə bu təklifin nəzərə alınacağını bildirib.
Deputat Fazil Mustafa isə 1920-ci ildə Yalamada Xalq Cümhuriyyətinin müstəqilliyini qorumaq üçün hərbi qatarın qarşısına çıxaraq savaşıb şəhid olmuş 300 Azərbaycan oğlunun xatirəsinin əbədiləşdirilməsini təklif edib: “İkinci məsələ Məhəmməd Əmin Rəsulzadənin Bakıda yaşadığı mənzilin muzeyə çevrilməsini təklif edirəm. Bununla bağlı layihə də hazırlanıb”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı isə Azərbaycanda şəhidlərin yad edilməsi üçün “Şəhidlər həftəsi”nin müəyyənləşdirilməsini və təqvimə daxil edilməsini təklif edib.
Kəndlərdə adına kiçik pay torpağı olan insanlara da 190 manat birdəfəlik yardımın şamil edilməli olduğunu bildirən deputat Əli Məsimli bildirib ki, yerli icra strukturları kəndlərdə hansı ailələrin yardıma ehtiyacı olduğu barədə siyahılar hazırlayıb. Bu məlumatlardan istifadə edərək həmin ailələrə birdəfəlik yardım edilməlidir.
Deputat Qüdrət Həsənquliyev isə uşaqlara spirtli içkilər və tütün məlumatlarının satılmamasına nəzarətin gücləndirilməsinin vacibliyinə diqqəti çəkib: “Bütün məktəblərin, kolleclərin qarşısında, köşklərdə siqaret reklam olunur. Siqaret çəkənlərin 95 faizi siqaret çəkməyə məktəb illərində başlayıb. Mən Baş Prokurorluğa bu məsələ ilə bağlı müraciət etmişdim, cavabında dedilər ki, məktubum Dövlət Reklam Agentliyinə göndərilib, bu məsələyə o qurum nəzarət edir. Prokurorluq məndən fakt istəyir. Mən köşkü aparıb Baş Prokurorluğun qarşısına qoyası deyiləm ki? Baş Prokurorluğun qarşısında da belə köşk var”.
Daha sonra iclasda İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsi müzakirəyə çıxarılıb. Məruzəni Ombudsman Səbinə Əliyeva təqdim edib. Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq qəbul edilib.