Fazil Mustafa: “İran Azərbaycanla 2016-cı ildə imzalanmış sazişi pozur”
APA TV-nin xəbərinə görə, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı əslən Şuşadan olan Əsra Məmmədli deyib.
Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümündə Əsra Məmmədli Azərbaycan parlamentindən bütün dünyaya Şuşanın işğal olunduğunu və şuşalıların haqq səsini çatdırıb.
Şuşalı gənc qızın bu təsirli çıxışı deputatları kövrəldib. Deputatlar Əsra Məmmədlini ayaq üstə alqışlayıblar.
Spiker Sahibə Qafarova Şuşanın müdafiəsi uğrunda həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını istəyib.
Daha sonra sədr mayın 9-da faşizm üzərində Qələbənin 75 illiyinin qeyd ediləcəyini deyərək, bu qələbənin əldə edilməsində Azərbaycan xalqının rolundan danışıb: “May ayının 10-da isə Ulu öndər Heydər Əliyevin anadan olmasının 97 ili tamam olacaq.
1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəlində ulu öndərin hakimiyyətə hər iki gəlişi zamanı Heydər Əliyev ona bəslənən ümidləri doğruldub. Onun başladığı bütün işlər bu gün eyni əzm və iradə ilə davam etdirilir. Prezident İlham Əliyev ölkəmizi bu gün dünyanın ən dinamik inkişaf edən ölkələrdən birinə çevirib”.
Daha sonra gündəliyə daxil olan 18 məsələ ətrafında müzakirələr olub.
Deputat Qənirə Paşayeva bildirib ki, bizi Şuşaya aparan yol daha da güclənən Azərbaycandan keçir: “Bu gün şəhidlərimizi rəhmət və sayğı ilə anıram. Şuşanın simvolu Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyovun və Bülbülün heykəlləri erməni vandallığının qurbanıdır. Çox istərdim ki, bu abidələr ya Şəhidlər Xiyabanına, ya da Dənizkənarı Milli Parka qoyulsun. İnanıram ki, Nazirlər Kabineti bu təklifə reaksiya verəcək. Bununla bağlı bir çox həmkarlarımızın da təklifləri olub”.
Deputat Məlahət İbrahimqızı isə işğal olunmuş rayonlarımızın xəritəsinin magistral yolların kənarında elektron tablolarda verilməsini təklif edib: “Bu gün bizim görməli olduğumuz ən vacib iş təbliğat və təşviqatdır. Ermənistanın bütün magistral yollarında işğal etdikləri Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu göstərən xəritə asılıb. Hətta bu xəritədə Naxçıvan da Ermənistan torpağı kimi göstərilib. Bu gün istər Bakıdan Gürcüstana, istər şimala, istərsə də cənuba doğru heç bir yolda işğal edilmiş torpaqlarımızla bağlı xəritə göstərilmir. Ermənilərin bu formada təbliğat aparması Ermənistana gələn turistlərə yönəlmiş addımdır”.
Deputat Fazil Mustafa diqqətləri 2016-cı ildə Azərbaycanla İran arasında bağlanmış sazişə yönəldərək bildirib ki, hökumət təmsilçiləri bu məsələyə lazımı səviyyədə aydınlıq gətirməlidirlər: “Araz çayı üzərində hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinə dair 2016-cı ildə Azərbaycanla İran arasında bağlanmış sazişə görə millət vəkillərini tənqid edənlərin haqlı olduğunu düşünmürəm. Belə situasiya yaranır ki, millət vəkilləri Azərbaycanın milli maraqlarını düşünməyiblər. Mən bu sazişlə yenidən tanış oldum. Azərbaycanın İranla bu sazişi bağlamaqda əsas hədəfi odur ki, ərazi bütövlüyü bərpa olunana qədər İran tərəfi məsuliyyəti öz üzərinə götürür, su ehtiyatlarının üçüncü ölkəyə verilməsi qadağan edilir. Su ehtiyatlarından İran yalnız özü üçün istifadə edə bilər. Bütün hallarda Azərbaycanın ərazi bütövlüyü əsas götürülür. Bu saziş hər hansı şəkildə Azərbaycanın maraqlarına zidd deyil. Sadəcə, bu problem odur ki, İran özbaşına yol çəkir, erməni daşnaklarına kömək edir. Bunu da edərkən beynəlxalq hüququn normalarını pozur, hər zaman da pozub”.
Qeyd edək ki, Milli Məclisin iclasında bəzi qanun layihələri üçüncü oxunuşda müzakirə olunub. Qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.
İlahə Vəliyeva
Faiq Həsənov