Fazil Mustafa: “Karantindən əvvəl Naxçıvana elçiliyə gedənlər hələ də Bakıya qayıda bilməyiblər”

"Erməni mətbuatında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Paşinyanın babası ilə müqayisə olunur. İttiham belə qoyulur ki, mənim babam faşizmə xidmət edibsə, sizin də baniniz faşistlərlə əməkdaşlıq edib”.

 

APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin gün keçirilən iclasında vitse-spiker Fəzail İbrahimli deyib.

 

O, Nikol Paşinyanın son açıqlamalarını sayıqlama adlandırıb: “Paşinyan Azərbaycan Prezidenti tərəfindən siyasi zərbə alıb. Rəsulzadə Azərbaycan dövlətinin yaradıcılarından biridir. Bəs baba Paşinyan kimdir? Faşistlərə əsir düşəndən sonra faşizmə qulluq edən kommunistdir! Paşinyanın babası 1943-cü ildə imdad diləyib və uğursuz nəticə əldə edib. Rəsulzadə ilə Paşinyanın babası müqayisə edilə bilməz”.

 

Deputat Qənirə Paşayeva isə deyib ki, Nikol Paşinyanın babasının faşistlərlə əməkdaşlığının faktlarla üzə çıxmasından sonra ermənilər Azərbaycan tarixinə qarşı hücumları artırıblar: “Biz buna qarşı da mübarizəmizi artırmalıyıq. Ermənilərin faşistlərə müsbət münasibəti Qaregin Njdeyə qoyulan heykəllə, Paşinyanın babası ilə bağlı çıxan sənədlərlə bir daha təsdiq olundu. Cümhuriyyət tariximizə qarşı ermənilərin hücumlarına diaspor tərəfindən yüksək səviyyədə cavab verilməlidir. Bizim Cümhuriyyət qurucularımızın çoxu da ermənilər tərəfindən qətlə yetirilib”.

 

Siyavuş Novruzov isə çıxışında diqqətləri Milli Şuranın son toplantısına yönəldib:  “Milli Şuranın qapalı keçirildiyi deyilən iclasında Qənimət Zahidin dəfələrlə “Canlı yayım gedir” ifadəsinə baxmayaraq, Azərbaycan hökumətinin kibercinayətkarlıqla məşğul olması ilə bağlı iddiaların cəmiyyətdə yayılması qəbuledilməzdir. Bir türk serialı Əli Kərimlinin sərsəmləməsindən daha səmərəlidir”.

 

Koronavirus pandemiyası ilə bağlı Naxçıvana gediş-gəlişdə ciddi problemlər yarandığını deyən deputat Fazil Mustafa isə bildirib ki, karantin rejimindən əvvəl Naxçıvandan Bakıya və ya əks istiqamətə gedən vətəndaşlar evlərinə qayıda bilmirlər. Bu da əhali arasında narazılıqlara səbəb olur:  “Bu gün pis vəziyyətdə qalan insanlar var. Adamlar var ki, 6-7 nəfər ora elçiliyə gediblər, amma hələ də geri qayıda bilməyiblər. Elçilik etdiyi ev yiyəsinin evində qalmağa məcbur olublar. Adamlar var ki, anası ya atası rəhmətə gedib, ona baş çəkə bilməyib. Ona görə təklif edirəm ki, təcili şəkildə 3-4 gün ərzində Naxçıvana gediş-gəliş təmin olunsun. Bir neçə gündən sonra təyyarə reyslərinin sayı azaldılsın. Naxçıvanla əlaqələrin tamamilə kəsilməsi gələcəkdə ciddi problemə çevrilə bilər”.

 

Deputat Elman Nəsirov qeyd edib ki, ABŞ-da əyləşib anti-Azərbaycan fəaliyyəti göstərən sapı bizdən olan baltalar var. “Ancaq ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentini Müstəqillik günü münasibətilə təbrik etdi. Təbrik məktubunda ilk cümlə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı idi. Azərbaycanda gedən islahatlar kursu okeanın o tayında da diqqətlə izlənilir. Donald Trampın məktubunda da bu ifadələrə yer verilməsi təsadüfi deyil” - deyə deputat Elman Nəsirov bildirib. 

Müəllif | Apa.Tv
Apa.tv