“Fərid narkoman deyildi, namaz qılırdı” - Qətlə yetirilən Leylanın atası danışdı
3 gün bundan əvvəl Qobu qəsəbəsində qətlə yetirilən 20 yaşlı Leyla Hüseynli və 8 aylıq körpəsi Ayla Masallı rayonunun Xıl kəndindəki “Seyidlər” qəbirtstanlığında torpağa tapşırılıb. APA TV-nin əməkdaşları bütün ölkəni sarsıdan bu qətlin təfərrüatlarını öyrənmək üçün Xıl kəndində olublar. Leylanın atası Əlişan İbadov əməkdaşlarımıza bildirib ki, kamera qarşısında danışmayaq istəməsə də, ətraflı məlumat verəcək. Əlişan İbadovun sözlərinə görə, qətli törədən Fərid Hüseynlinin atası Firdovsi Hüseynli ilə 20 il yaxın dost olublar. Bu dostluq münasibətlərinə görə ailələrin bir – birlərinin evlərinə gediş – gəliş olub. Cütlüklərin tanışlığı da burdan başlayıb. Əlişan İbadov Fəridin ailəsinin çox yaxşı, tərbiyəli, qanacaqlı, mehriban ailə olduğunu qeyd edib. Məhz buna görə də 2 il bundan əvvəl qızı Leylanı onların övladı Fəridə verib. İki il müddətində onların ailəsində kiçik söz – söhbətlər olmasına baxmayaraq, hər hansı bir ciddi problem yaşanmayıb. Əlişan İbadov deyir ki, ayın 19-da onların evində olub. Hər dəfə olduğu kimi həmin günü də ailədə normal münasibətlər olduğunu görüb. Evə gedəndə də Fərid özü onu yola salıb. Ayın 20-si təqribən saat 7 radələrində ona məlumat veriblər ki, qızın ailəsində nəsə baş verib. O da özünü qızının evinə çatdırıb. Ora çatanda artıq Aylanın rəhmətə getdiyini görüb, nəvəsini də xəstəxanaya aparıblar. Qızın atası, kürəkəni Fəridin hadisəni narkotik vasitənin təsiri altında, içkili vəziyyətdə törətdiyinə də inanmır. Çünki, o namaz qılan biri olub. Qızın qohumlarının sözlərinə görə, ailədaxili məsələlər Fəridi qətli törətməyə vadar edib. Onların şübhələndiyi şəxslər də var. Sadəcə hazırda istintaqın yekunlaşmasını gözlədiklərini deyirlər. Qeyd edək ki, iyunun 20-si saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 2003-cü il təvəllüdlü Hüseynli Leyla Əlişan qızı və 8 aylıq körpəsinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Abşeron rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla 1993 - cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlunun arvadı, Leyla Hüseynliyə və övladına kəsici - deşici alətlə xəsarət yetirərək qəsdən öldürdükdən sonra özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Masallı