Fərid Şəfiyev: “Qərb Dağlıq Qarabağ münaqişəsinə neytral yanaşır”

“Qərb ölkələri Dağlıq Qarabağ münaqişəsinə neytral yanaşır”.

 

APA TV-nin məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, Avropa bu münaqişədə hər iki ölkəni təqsirkar hesab edir: “Eyni zamanda qeyd edim ki, həm Brüsseldə, həm Cenevrədə, həm də digər ölkələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Rusiya ilə bağlı isə, belə deyim, Brüsselin mövqeyi ondan ibarətdir ki, bu problem Sovet dövründə yaranıb, Moskvanın bu problemdə marağı var status-kvonun saxlanmasında. Moskva maraqlıdır ki, hər iki tərəfə silah satsın. Bizə qeyd etdilər ki, bu münaqişənin həll olmasında Brüsselin rolu məhduddur və biz bunu bilirik”.

 

Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərinə toxunan Fərid Şəfiyev deyib ki, hətta həmin görüşlər zaman Ermənistan tərəfi jurnalistlərin səfəri ətrafında şou təşkil edib və belə olan halda bu cür səfərlər münaqişənin həllinə heç bir müsbət təsir göstərməyəcək.

 

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev isə bildirib ki, 2019-cu ilin yekunlarına əsasən İcmanın gördüyü işləri uğurlu hesab etmək olar: “ATƏT-in Minsk qrupunun həmsədrləri ilə il ərzində 2 dəfə görüş keçirdik və bizim görüşlərdən dərhal sonra qrupun bəyanatları məhz Dağlıq Qarabağın Azərbaycanlı İcmasının münaqişənin maraqlı tərəfi kimi erməni icması ilə bərabərhüquqlu olmasını bəyanatında təsbit etdi. Bu da onu göstərir ki, ermənilərin təxribat xarakterli bəyanat və hərəkətləri artıq ciddi qəbul olunmur”.

 

Konfransın sonunda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yeni istifadəyə verilən saytının təqdimatı keçirilib və saytda yerləşdirilən kitabdan, xəbərlər və məqalələrdən danışılıb.

 

Səfər Əlizadə,

Xəyal Şükürlü,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv