Fermer təsərrüfatında günəş panellərindən istifadə edir - GORANBOYDA İLK
Goranboyun Eyvazlılar kənd sakini Elxan Məmmədov 25 ildir fermer təsərrüfatı ilə məşğul olur. Təsərrüfatı yaşayış məntəqəsindən uzaqda yerləşdiyi üçün ora mavi yanacaq çəkmək də mümkün olmayıb. Buna görə də uzun illər təsərrüfatda çalışan işçilərini isti su ilə təmin etmək üçün dizel yancağından, odundan istifadə edib. Buda ona baha başa gəlib.
APA TV xəbər verir ki, lakin 2009-cu ildə o, bu probleminə bir çarə tapıb. Belə ki, fermer təsərrüfatında günəş panelləri quraşdırıb:
- “Gördüyünüz bu qurğu günəş şüası ilə suyun qızdırılması üçün quraşdırılıb. Qurğu 12 paneldən, 2 çəndən ibarətdir. Çənin biri isti su üçün, digəri isə soyuq su üçündür. Burda isidilən su fermer təsərrüfatında çalışan 20-25 nəfəri tam təmin edir. Onu da qeyd edək ki, qurğuda isidilən isti su heç bir xərc tələb etmir”.
Bu günəş panelləri vasitəsilə işçilər ilin 9 ayı isti su əldə edə bilirlər. Elxan Məmmədov deyir ki, hazırda isti su əldə etmək üçün heç bir xərc çəkmir. Bundan başqa, istifadə etdiyi günəş panelləri həm ekoloji cəhətdən təmiz və təhlükəsizdir.
Suyu isitmək üçün havanın 2-3 saat günəşli olması kifayətdir. Su qızdıqdan sonra qurğunun içindəki spirallar günün digər saatlarında da onu isti saxlayır.
Müsahibimiz gələcəkdə panelləri artırmaq fikrindədir. Deyir panelləri artırsan, hətta bir kəndi isti su ilə təmin etmək mümkündür.
Qeyd edək ki, Elxan Məmmədov təsərrüfatında heyvandarlıq və əkinçiliklə məşğul olur. O, gələcəkdə təsərrüfatını daha da genişləndirmək fikrindədir.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV Goranboy