Fermerlərə təklif - YENİ CİNS DAMAZLIQ QOYUNLAR GƏTİRİLDİ

Bu günlərdə Azərbaycana Avropadan “Lacaune”, “Landschaft Merino”, “İle de France” və “Suffolk” cinsli ətlik, südlük-ətlik istiqamətli qoyunları gətirilib.

APA TV xəbər verir ki, ümumi sayı 1000-dən artıq olan damazlıq heyvanlar “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Ağsu rayonunda yerləşən heyvandarlıq müəssisəsində yerli iqlim şəraitinə uyğunlaşma prosesi keçir.

Bu cinslər yerli iqlim şəraitinə sürətlə uyğunlaşdığından fermerlər öz təsərrüfatlarında yerli qoyunlarla yanaşı, xarici cins qoyunlar yetişdirməyə də maraq göstərirlər. 

Zootexnik Elşən Cabbarovun sözlərinə görə, qapalı şəraitdə saxlandığına görə, bu heyvanlarda formalaşan bəzi xüsusiyyətlər bizim yerli heyvanların xüsusiyyətlərindən fərqlənir: “Birincisi, bu növlər cinsi yetişkənlik dövrünə tez çatırlar ki, bu da fermer təsərrüfatları üçün çox gəlirli və səmərəli hesab edilir. İkincisi, bu qoyunlar intensiv şəraitdə yetişdirildikləri üçün balavermə müddəti mövsümdən asılı deyil. Belə ki, əkiz və yaxud üçəm quzuların alınmışı və onların ətlik məqsədilə yetişdirilməsi onların digər növlərdən əsas fərqləndirən xüsusiyyətləridir. Ən nəhayət bu heyvanların düzgün yemləndirilməsi və bəslənməsi nəticəsində sürü daxilində əkiz bala vermə göstəricisi 85 faizdən yuxarıdır”.

Mütəxəssis deyir ki, xaricdən gətirilmiş cins damazlıq qoyunların yemlənmə qaydalarında ciddi fərq yoxdur: “Rasion baxımından hər bir qoyun öz çəkisinin 3 faizi həcmində yem yeyir. Bizim yerli qoyunlar yaylaq-qışlaqlarda örüş-otlaq sahələrində bəslənir. Xaricdən gətirilmiş heyvanlar isə qapalı şəraitdə yetişdirildiyindən və qoyunların verdiyi quzu sayı çox olduğuna görə, səmərə baxımından yem xərclərini üstələyir. Eyni zamanda müalicə-profilaktika məqsədilə çəkilən baytarlıq xidmətləri xərci minimumlaşdırılır. Bu cinslərin 85 faizi əkiz bala verməsi 24 ayda, yəni iki ildə 6 quzu, başqa sözlə, ilə orta hesabla 3 bala deməkdir”.

Azərbaycanda heyvandarlığın cins damazlıq tərkibinin yaxşılaşdırılması məqsədilə dövlət dəstəyi mexanizmləri mövcuddur. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, fermerlər dövlət dəstəyi mexanizmindən yararlanaraq öz təsərrüfatları üçün bu heyvanlardan ala bilərlər: “Mövcud qaydalara əsasən, xarici ölkələrdən gətirilmiş damazlıq heyvanlar fermerlərə 60 faiz dövlət güzəşti ilə satılır. Fermer 25 faiz ilkin ödəniş etməklə damazlıq heyvan alır, qiymətin 60 faizini dövlət ödəyir, qalan 15 faizi isə 3 il müddətinə kreditləşdirilir. Bu cür dövlət dəstəyi mexanizminin mövcud olması fermerlərimizin xaricdən gətirilmiş damazlıq heyvanlara marağını artırır”.

Vüqar Hüseynovun sözlərinə görə, ötən illər ərzində xaricdən gətirilmiş damazlıq cinslərdən ibarət heyvandarlıq təsərrüfatların sayının artması da məhz fermerlərə dövlət dəstəyinin olması ilə bağlıdır”.

 

Müəllif | Apa.Tv
Apa.tv