Fərruxda itkin düşən əsgərimizin yaxınları danışır
Azərbaycan ordusu Fərrux dağı yüksəkliklərinə nəzarəti ələ keçirdikdən sonra burada aparılan qazıntı işləri zamanı aşkarlanan insan skeleti qalıqlarının həmin dağda itkin düşən hərbçilərə aid olması xəbəri 62 evdə ümid işığı yandırdı. Həmin ailələrdən olan 62 nəfər Azərbaycanlı döyüşçü Fərrux yüksəklikləri uğrunda aparılmış hərbi əməliyyatlar zamanı itkin düşmüşdü. Taleləri son günlərə qədər məlum olmayan 62 döyüşçü. Onlardan biri Kərəm Hümbət oğlu İbrahimovdur.
Kərəm Hümbət oğlu İbrahimov 5 may 1972-ci ildə, Ağcabədi rayonunun Aşağı Qiyamədinli kəndində doğulub. Ailədə 6 qardaş, iki bacının sonbeşiyi olan Kərəm xidmətdən qayıtdıqdan sonra erməni silahlılarının Azərbaycan ərazisinə təcavüzünü eşidib könüllü olaraq cəbhəyə yollanıb. Ağdam cəbhəsinə yollanan Kərəm İbrahimov bir neçə döyüş tapşırığı yerinə yetirir. Onun sonuncu döyüşü isə 1992-ci ilin 28 oktyabr tarixində olur... Kərəmin xidmət etdiyi tabor Fərrux dağına əks-hücum edir. Ağır və qeyri bərabər döyüşdə O və bir neçə silahdaşı itkin düşür.
İllər ötsə də itkin döyüşçüdən bir xəbər verən olmur. Ömürlərini övlad yolu gözləməklə keçirən Kərəm İbrahimovun valideynləri Hümbət ata və Güləbəsdə ana vəfat edirlər. Hər ikisi son nəfəsinə qədər Kərəmin adını sayıqlayıb köçüblər dünyadan... İsrafil İbrahimov deyir ki, Fərruxdan gələn xəbərlərdən sonra qardaşının nəəşinin tapılması ümidi artıb. Məhz elə buna görə də yüksəkliyin tam nəzarətə götürülməsi ailədə bayram əhval-ruhiyyəsi yaradıb...
Habil Aslanoğlu, Elgün Gəncimsoy, Ziya İsmayılov APA TV – Ağcabədi