“Fəvvarələr” meydanındakı mağazalarda müştəriləri qarət edən dəstə ələ keçib

Səbail rayonu ərazisindəki “Fəvvarələr” meydanında yerləşən geyim mağazalarından birinə alıcı kimi gələn şəxsin çantasından oğurluq edilib.

 

Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, bu barədə Sabail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən zərərçəkən həyat yoldaşının çantasından 800 manat pulun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

 

Zərərçəkən həmçinin özünün də eyni mağazanın paltardəyişmə otağında olan zaman gödəkcəsini saxlamaq üçün azyaşlı övladına verdiyini və həmin gödəkçənin də cibindən içərisində bank kartları və sənədlər olan pul qabının oğurlandığını qeyd edib. Daha sonra oğurluq edən şəxslər kartlardan birindən 200 manat pul çıxara biliblər.

 

Ərazidə və mağazada olan təhlükəsizlik kameralarındakı görüntülərə baxış keçirilən zaman hadisənin hansı şəraitdə törədildiyi müəyyən edilib. Bölmə əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər - əvvəllər dəfələrlə məhkum olunmuş Qüdrət Sultanov, Rəşad Məmmədov və Anar Abbasov saxlanılıb.

 

Bu şəxslərin ətrafında araşdırma aparılan zaman onların Səbail rayonunda Rəsulzadə küçəsində yerləşən kofe evində olan bir müştərinin də pul kisəsini oğurladıqları məlum olub. Dəstə üzvlərinin bu cinayəti də müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.

 

Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

 

Faktlarla bağlı araşdırmalar davam edir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv