Fəzail Ağamalı: “Veteranlar qayıtdıqdan sonra işlə təmin olunmalıdır”
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.
APA TV-nin xəbərinə görə, iclasın gündəliyinə 12 məsələ daxil edilib. Bu gün də büdcə zərfinin müzakirələri davam edib.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılması üçün 2.2 milyard manat vəsaitin nəzərdə tutulmasını müsbət qiymətləndirərək bildirib ki, növbəti illərdə də bu istiqamətdə vəsaitlərin ayrılması nəzərdə tutulub: “Burda müzakirələrdə deyilən fikirləri də təhlil edərək düşünürük ki, bu məqsədlə ayrıca bir Fondun yaradılması maliyyələşmə və nəzarət mexanizmlərini daha da təkmilləşdirərdi. Fondun vəsaitinin yalnız büdcə hesabına deyil, həm də sahibkarların dəstəyi və beynəlxalq təşkilatlardan ola biləcək qrantlar hesabına formalaşması aparılacaq işlərə mühüm dəstək ola bilər. Fikrimizcə, xərclənən vəsaitlərin də bir mənbədən reallaşması prosedurları sadələşdirə və şəffaflığı daha da artıra bilər”.
Tahir Kərimli isə hesab edir ki, Rusiya hökuməti və Şimali Qafqaz respublikaları, Dağıstanla danışıqlar aparmaqla bu istiqamətlərdə iqtisadi fəallığı artıra bilərik.
Hərbçilərin əməkhaqqının artırılmasının vacibliyini qeyd edən deputat siyasi partiyalara ayrılan vəsaitlərin də artırılmasını təklif edib.
Deputat Siyavuş Novruzov isə diqqəti bəzi şəhid və qazi ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məsələsinə yönəldib. Deputat bildirib ki, onların kommunal borcları da ləğv olunmalıdır. Eyni zamanda, Qarabağ veteranlarına hazırda verilən 80 manat müavinət artırılaraq 150-180 manat həcmində olmalıdır: “İşğaldan azad olmuş ərazilər ən qısa müddətdə bərpa edilməlidir. Ermənilər orada olan boşluqdan istifadə edib, hələ də ərazilərdə hücumlar təşkil edir, oraları minalayır. Hansısa şəhərin, rayonun, kəndin problemi 1 il gözləyə bilər. Amma işğaldan azad olunmuş əraziləri tez zamanda bərpa etməli, insanları öz yurd-yuvalarına köçürməliyik”.
Deputat Fəzail Ağamalı isə bildirib ki, veteranlar qayıtdıqdan sonra işlə təmin olunmalıdırlar: “Veteranlar qayıtdıqdan sonra işlə təmin olunmalıdır. Bununla bağlı xüsusi proqram hazırlanmalıdır. Bununla bağlı problemlərlə qarşılaşa bilərik. Digər tərəfdən istər birinci Qarabağ müharibəsi veteranlarının, istərsə də ikinci Qarabağ müharibəsi veteranlarının sosial müdafiəsi gücləndirilməlidir. Heç olmasa, yaşayış minimumu həcmində onlara vəsait verilməlidir. 1-ci Qarabağ qazilərini də unutmamalıyıq. Onlara da bu həcmdə vəsait verilməlidir”.
Yanvar ayından başlayaraq bəzi vacib addımların atılmasına başlanılmalı olduğunu deyən deputat Fazil Mustafa bildirib ki, ilk növbədə Bakıda gecəqondularda məskunlaşan və işsiz olan insanları bölgələrə qaytarmağın yolları tapılmalıdır. Bu insanları təsərrüfata qaytarmaq üçün stimullaşdırıcı tədbirlər görülməlidir.
Müzakirələrdən sonra 2021-ci il üzrə dövlət büdcə zərfi ikinci oxunuşda qəbul edilib.
İlahə Vəliyeva,
Faiq Həsənov,
APA TV